Son yeniləmə: 18 Dekabr 2022 08:39
Etibar Məmmədov: Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin hər biri belə bir aksiyada iştirak etməsindən qürur hissi keçirir
BAYRAQDAR MEDİA – “Azərbaycan QHT-lərinin Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyasına sıradan bir piket kimi yanaşmaq kökündən səhvdir. Mən bu aksiyanın ilk saniyələrindən orada yaşananların, etirazçıların əhval-ruhiyyəsinin şahidi olmuşam”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin hər biri belə bir aksiyada iştirak etməsindən qürur hissi keçirirdi. “Orada mülki insanlar silahlı hərbçilərlə üz-üzə dayanıb. Amma heç kim qorxmur, çəkinmir. Və hər birimiz arxamızda dövlətin gücünü hiss edirdik. Orada iştirak edən hər bir insanın – o cümlədən mənim – sevincinin həddi-hüdudu yoxdur. Ona görə ki, Azərbaycanın milli maraqlarının təmin olunmasında, bunların uğrunda aparılan mübarizədə mənim də payım var”.
QHT sədri bunu Azərbaycan cəmiyyətinin vətəndaş cəmiyyətinə inamının güclü olması, dövlət və qeyri-hökumət təşkilatları arasında möhkəm qarşılıqlı təmasların qurulması və eyni zamanda, QHT-lərin imicinin artması ilə əlaqələndirib
“Əlbəttə, bir sıra parametrlər üzrə QHT sektorunda işlər görülməli, QHT-lərimizi mükəmməl səviyyəyə çatdırmaq üçün xeyli çalışmalıyıq. Lakin QHT-lərin Şuşa-Xankəndi yolunda sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olan “Qızılbulaq” və “Dəmirli” yataqlarının erməni bölücüləri tərəfindən qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyada ön sıralarda olması və dayanmadan dəstək alması, sözsüz, dövlətimizin, cəmiyyətimizin və vətəndaşımızın qeyri-hökumət təşkilatlarına yüksək inamının nəticəsidir”, – deyə Etibar Məmmədov bildirib.