Press "Enter" to skip to content

Son bir neçə ildə Azərbaycanda peşəkar QHT institutları formalaşıb

Seymur Verdizadə

Son yeniləmə: 17 Dekabr 2022 13:35

Seymur Verdizadə: Bu aksiya Azərbaycanda milli dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan QHT sektorunun formalaşdığını sübut etdi

BAYRAQDAR MEDIA – Artıq altıncı gündür ki, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası keçirir. Dekabrın 15-də etirazçılar yeni tələblərlə çıxış ediblər. Aksiyaya dəstək isə hər keçən gün daha da artır.

Məsələyə münasibət bildirən Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib ki, bu aksiyada Azərbaycan QHT-lərinin əzmkarlığı milli maraqların müdafiəsinə yönəlib: “Bu aksiya Azərbaycanda milli dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan QHT sektorunun formalaşdığını sübut etdi”.

S.Verdizadə BAYRAQDAR MEDİA-ya açıqlamasında onu da bildirib ki, son bir neçə ildə Azərbaycanda peşəkar QHT institutları formalaşıb: “Təqdirəlayiq haldır ki, bu institutlar beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini qoruya, Ermənistanın təcavüzkar siyasətini, müharibə cinayətlərini ifşa edə bilir. QHT-lərimizin beynəlxalq təşkilatlara və xaricə çıxışı ilbəil artır. Beynəlxalq təşkilatlarla işləyən QHT-lərin səyləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. QHT Agentliyinin fəaliyyəti isə bu prosesi daha da stimullaşdırır”.

S.Verdizadə onu da əlavə edib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinin genişlənməsi üçün onların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. O, bu yöndə daha təsirli addımların atılacağına ümid etdiyini deyib.

JAM sədri, həmçinin, Azərbaycan dövlətinin ölkədə güclü QHT institutlarının formalaşmasında maraqlı olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.