Press "Enter" to skip to content

QHT sektoru həmişə milli maraqlardan çıxış edib

Cavid Şahverdiyev

Son yeniləmə: 17 Dekabr 2022 13:40

Cavid Şahverdiyev: Vətəndaş cəmiyyəti hər zaman dövlətin yanında olub, cənab Prezidentin siyasi kursunu dəstəkləyib

BAYRAQDAR MEDİA – “Şuşa-Xankəndi yolunda QHT rəhbərlərinin bütün dünyaya səs salan möhtəşəm etiraz aksiyasına başlaması vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın ictimai həyatında önəmli yer tutmaqla yanaşı böyük qüvvə olduğunu bir daha ortaya qoydu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev deyib.

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən sədr qeyd edib ki, QHT sektoru həmişə dövlət, dövlətçilik, milli maraqlardan çıxış edib: “Xüsusilə də Ermənistanın işğalçılıq siyasətinin ifşası və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində QHT-lər hər zaman öndə olub. Onu da qeyd edim ki, QHT-lərin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlər Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

C.Şahverdiyevin sözlərinə görə, vətəndaş cəmiyyəti həmişə dövlətin yanında olub, cənab Prezidentin siyasi kursunu dəstəkləyib, milli, dövlət maraqlarımızın müdafiəçisinə çevrilib: “QHT sektoru böyük qüvvədir. Baxın, dekabrın soyuq günlərində gecə-gündüz etiraz aksiyası keçirmək, haqq işi müdafiə etmək, hüquqlarını tələb etmək cəsarət, cürət, dözüm tələb edir ki, bunu da QHT nümayəndələri dünyaya sübut etdi. Hər gün yüzlərlə QHT sədri həmkarlarının yanında olmaq üçün ora yollanır. Bu cəsarət, vətənpərvərlik təkcə Rusiya sülhməramlı kontingentini deyil, rəsmi Moskvanı və Ermənistan rəhbərliyini də təşvişə salıb”.

Mission News Theme by Compete Themes.