Son yeniləmə: 17 Dekabr 2022 11:10
BAYRAQDAR MEDİA – Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyinədn bildirilib.
Qeyd edilib ki, görüş zamanı “Cisco” şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib: “Eyni zamanda, təhsil müəssisələrinə verilən internet və intranet xidmətlərinin təhlükəsizliyi, zərərli məzmun süzgəclənməsinin təmin edildiyi diqqətə çatdırılıb. Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələri üzrə əməkdaşlıq, “Cisco DevNet” tədris laboratoriyasının azərbaycanlı təhsilalanlar üçün təqdim edilməsi, “Cisco” şəbəkə akademiyalarının sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası məsələləri də müzakirə edilib”.
Qeyd edilib ki, ölkə üzrə ümumilikdə 4 min 331 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmaqla intranet və internetə çıxışla təmin edilib: “Onlardan 1 min 235 təhsil müəssisəsi fiber-optik, 2 min 8 təhsil müəssisəsi simsiz LTE, 1 min 88 təhsil müəssisəsi isə ADSL rabitə kanalı vasitəsilə qoşulub. Təhsil müəssisələrində şəbəkənin idarə olunması və paylanmasında “Cisco” həllərindən istifadə olunur”.