Qalib İbrahimoğlu: Havanın şaxtalı, soyuq olmasına baxmayaraq aksiya ötən gecə saatlarında da davam edib
BAYRAQDAR MEDİA – “Artıq altıncı gündür ki, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçilərinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası davam edir. Havanın şaxtalı, soyuq olmasına baxmayaraq aksiya ötən gecə saatlarında da davam edib”.
Bunu BAYRAQDAR MEDİA-ya hazırda aksiya iştirakçıları arasında olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) İdarə Heyətinin üzvü, bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu deyib.
O, qeyd edib ki, müxtəlif şüarlar səsləndirən aksiya iştirakçıları ekoloji terrora son qoyulmasını tələb edirlər: “Bundan başqa QHT təmsilçiləri və aksiyaya qoşulan gənc könüllülər milli vətənpərvərlik ruhunda, həmçinin, xalq mahnılarımızı oxuyur, yallı gedərək bu formada da öz etirazlarını çatdırırlar. Lakin təəssüflər olsun ki, Rusiya sülmərmamlılarının rəhbəri Andrey Volkov hələ də etirazçıların qarşısına çıxmayıb”.
Q.İbrahimoğlu onu da bildirib ki, hər keçən gün aksiyaya qoşulanların sayı artır: “Qeyd edim ki, bizim təşkilat da ilk gündən aksiyada fəal şəkildə iştirak edir. Aksiyanın ilk günü təşkilatımız sədri və bir neçə üzvümüz burada olub. Hazırda isə mən də daxil olmaqla CASCFEN-in dörd üzvü aksiya iştirakçıları arasındadır”.