BAYRAQDAR MEDİA – Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Azərbaycanın görkəmli şairəsi və xeyriyyəçisi Xurşidbanu Natəvana həsr olunmuş sərgi təşkil edilib.
Baş idarədən verilən məlumata görə, sərginin açılışında Azərbaycanın ən lirik şairələrindən hesab olunan Xurşidbanu Natəvan haqqında ətraflı bilgi verilib.
Qeyd edilib ki, Xurşidbanu Natəvan, təkcə Azərbaycanda deyil bütün Zaqafkaziyada xeyirxahlığı ilə də tanınıb. Kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirib.
O da vurğulanıb ki, Xurşidbanu Natəvan 1897-ci il, oktyabrın 1-də vəfat edib, “İmarət” qəbiristanlığında dəfn edilib, lakin Ağdam rayonu işğaldan azad olunandan sonra, məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb və sümükləri qəbrindən çıxarılaraq aparılıb.
Tədbirin sonunda rəsm şöbəsi şagirdlərinin Şuşaya və Xurşidbanu Natəvana həsr etdikləri rəsm əsərlərinə baxış keçirilib.