Son yeniləmə: 16 Dekabr 2022 14:54
Hulusi Kılıç: Bütün dünya bilsin ki, sonuna qədər bu aksiyanı keçirənlərin yanındayıq
BAYRAQDAR MEDİA – “İlk olaraq bu aksiyanı haqlı sayır və onu dəstəkləyirəm. Azərbaycanın vətəndaş cəmiyyətinin və mediasının təmsilçilərinin bu aksiyası, əslində, bütövlükdə Azərbaycan xalqının mövqeyinin ifadə edilməsidir. Həm Ermənistan, həm də onun xarici havadarları bir daha gördülər ki, Azərbaycan xalqı ordunun və cənab Ali Baş komandanın yanındadır”.
Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, dekabrın 15-dən etibarən Laçın yolunda dinc etiraz aksiyası keçirən azərbaycanlıların tələblərinin dəyişməsi də tamamilə başadüşüləndir: “Mən bunu tamamilə haqlı hesab edirəm. Çünki bütün dövlət strukturlarının, o cümlədən, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin buraxılış məntəqələri Azərbaycanın suveren torpaqlarında yerləşdirilməlidir. Bu ərazilərə Azərbaycan dövləti, dövlətin müvafiq qurumları nəzarət etməlidir. Bu torpaqlar Azərbaycana aiddir və oradan kimlərin keçdiyini bilmək lazımdır”.
H.Kılıçın sözlərinə görə, vəziyyətin bu həddə gəlməsində Rusiya sülhməramlıları da məsuliyyət daşıyırlar: “Çünki onlar bu müddət ərzində etimadı doğrultmadılar. Onların nəzarəti altında olan ərazilərdə qanunsuz keçişlər oldu. Terrorçulara silah-sursat daşındı. Üstəlik, onların nəzarətində olan Azərbaycan ərazilərində erməni terrorçuları təbii sərvətlərin talanmasını həyata keçirdilər. Ekoloji terror törətdilər. Rusiya sülhməramlıları bütün bunlara mane olmaq əvəzinə, əksər hallarda terrorçulara dəstək verdi. Əgər bunlar sülh üçün bura gəliblərsə, o zaman sülhə xidmət etsinlər. Hesab edirəm ki, bundan sonra Rusiya sülhməramlılarının qurduqları postlarda onlarla yanaşı Azərbaycan əsgərləri də keçidlərə nəzarət etməlidir. Həmçinin, aksiyaçıların tələblərində də qeyd olunduğu kimi, orada – Ermənistanla sərhəd hissədə mütləq gömrük postu yaradılmalıdır”.
Keçmiş səfir sonda bir daha qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin və mediasının təmsilçilərinin bu aksiyası haqlı tələblərə söykənir: “Türkiyə də bu aksiyanı dəstəkləyir. Çünki aksiya içtirakçıları haqlıdır. Haqlı olan isə hər zaman güclüdür. Bütün dünya bilsin ki, sonuna qədər bu aksiyanı keçirənlərin yanındayıq”.