BAYRAQDAR MEDİA – Yenə də həmişəki kimi oldu. Ermənilər başladı, “bizimkilər” də estafeti dərhal onlardan alıb daha da irəli götürdülər. Son günlərin təbliğatını deyirəm.
Əslində, həmişə belə olub. Bizdən olub bizə qarşı çıxanların apardığı təbliğata azacıq göz gəzdirəndə bəlli olub ki, adamlar topu ermənilərdən alıblar.
İndi də Laçın yolundakı etiraz aksiyasını hədəfə alıb bu erməni uşaqları. Şəxsi müşahidəmdir və ona görə belə əminliklə deyirəm.
Nəymiş? Quş ölübmüş. Yaxud da etirazçılar arasında şuba geyinən varmış filan…
Bir daha deyirəm, şəxsi müşahidəmdir. Fəal erməniləri yaxından izlədiyim üçün bu iddiaları məhz onların ortaya atdığını şəxsən görmüşəm. Onda “bizimkilərdən” xəbər-ətər yox idi. Aradan bir müddət keçəndən sonra “bizimkilər” ermənilərdən də irəli gedərək özümüzə qarşı cəbhə açdılar. Sanki fürsət gözləyirdilər. Sanki nədir? Elə doğrudan da bu ünsürlər fürsət gözləyirdilər…
Həmişə də fürsət gözləyib bu yaramaz kəsim! Fürsət gözləyiblər ki, Azərbaycana içəridən zərbə vuraraq erməni qandaşlarına əlavə yardım etsinlər!
Laçın yolunda baş verənlər Azərbaycan tarixinin qızıl səhifələrinə yazılacaq. Bəli, məhz elə! Yüzlərlə vətəndaş cəmiyyəti fəalı, könüllü artıq beş gündür ki, o yolun üzərində etiraz aksiyası keçirir. Bu igid insanlar qışın sümük sındıran soyuğuna baxmayaraq hətta gecələri belə gözlərini yummur, ayaq üstdə, bəzən də yuxusuz orda keşik çəkirlər.
Keşik çəkirlər ki, onlara mız qoyanlar isti yataqlarında rahat yata bilsinlər. Keşik çəkirlər ki, Azərbaycan xalqının əzmini dünyaya nümayiş etdirsinlər.
Amma bu ünsürlər nə edir? Filankəs düz baxmadı, feşmankəs ayağını sağa deyil, sola atdı. Hə, nə olsun? İndi o aksiyada iştirak edənlərin hamısından yüksək peşəkarlıq və yüksək hazırlıq tələb edəcəksiniz? Nə haqla? Orda hər kəsimdən insanlarımız var. Kiminin hazırlığı yüksəkdir, kiminin də aşağı. Kimi təcrübəlidir, kimi də hələ ilk addımlarını atır.
Səhvlər var? Var əlbəttə. Nə olsun ki? Kim səhv etmir ümumiyyətlə? Hələ o mız qoyanlar, sizin özünüzün heçmi səhviniz olmur? Aman, aman, indi durub iddia etməyin ki, mükəmməl insanlarsınız. Aranızda cinsi mənsubiyyəti belə qaranlıq olanlar var. Yəni qışın bu sərt soyuğunda Laçın-Xankəndi yolunda açıq havada gecəni ayaqda keçirib etiraz etmək sizin üçün deyil. Ordakı adamları tənqid edib işlərinə mız qoymaq isə heç deyil!
Oturun oturduğunuz yerdə! Hətta deyərdim ki, ölün öldüyünüz yerdə! Bu vətənə faydanız toxunmur, toxunmasın! Barı insanların zəhmətinə kölgə salmayın! Bunu da etməyinizə, bəlkə də göz yummaq olardı. Amma topu ermənilərdən alıb insanların üstünə gəlməsəydiniz…
Aksiya davam edir. Mız qoyanlar olub, olacaq. Bizim heç vecimizə də deyil.
Bu ünsürlər illərdir demirdilərmi ki, Azərbaycan Qarabağdan birdəfəlik əl çəkib?
Deyirdilər!
Bunlar deyilmiydi deyən ki, İlham Əliyev Şuşanı ermənilərə satıb?
Bunlar idi!
Bəs nəticə nə oldu?
Nəticə o oldu ki, İlham Əliyev Qarabağı Şuşa qarışıq Ermənistanın işğalından azad edib bunların başına daş endirdi!
İndi də elə olacaq! Bunlar hansısa ölü quşa, hansısa şubaya taxılıb qalsın, biz də işimizdə olaq. Çox tezliklə Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə Azərbaycanın suveren hüquqları bərpa ediləndə görəcəyik bu erməni uzantılarını…