Elman Cəfərli: O halda biz tələb edirik ki, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları birgə nəzarət etsin
BAYRAQDAR MEDIA – Artıq beşinci gündür ki, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası keçirir. Dekabrın 15-də etirazçılar yeni tələblərlə çıxış ediblər.
Öz növbəsində məsələyə münasibət bildirən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, aksiyanın iştirakçısı Elman Cəfərli hesab edir ki, bu etiraz böyük ajiotaj doğurub və yeni situasiya yaradıb: “Tələblərimiz haqlıdır. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmirlər. 10 noyabr 2020-ci il Bəyanatına görə sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindən məğlub olmuş Ermənistan ordusunun qalıqlarını və separatçı qurumun tabeliyində olan silahlı quldur dəstələrini çıxarmalı, tərksilah etməli idi. Lakin sülhməramlılar bunu etmədilər. Son vaxtlar, müşahidə edirsinizsə, atəşkəs tez-tez pozulur. Ermənistan ordusu və Qarabağdakı quldur dəstələri Kəlbəcər, Laçın, Ağdam, Şuşa və digər bölgələrimizdəki mövqelərimizi atəşə tuturlar. Bu, Qarabağa böyük qayıdış prosesinə, dinc tikinti quruculuq işlərinə mane olur. Xüsusən erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyanın bölgəyə gəlişindən sonra təxribatlar artıb. Azərbaycan tərəfi bunu dəfələrlə Rusiya sülhmərmalılarının diqqətinə çatdırmışdı. Lakin onlar buna laqeyd yanaşmaqda davam edirlər. Azəbaycan ictimaiyyəti onsuz da onların fəaliyyətindən narazı idi. Ağdərədə Qızılbulaq və Dəmirli yataqlarının qanunsuz istismarı ilə bağlı xəbərlərin yayılması bardağı daşıran son damla oldu”.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdı. Bundan sonra vətəndaş cəmiyyətinin fəalları, ekologiya yönümlü QHT-lər Xankəndi-Laçın yolunda aksiyaya başladı.
E.Cəfərli hesab edir ki, rəsmi Bakı Rusiya sülhmərmalıları ilə bağlı məsələyə yenidən baxmalıdır: “Aşkar görünür ki, onlar öz vəzifələrini icra edə bilmirlər. O halda biz tələb edirik ki, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə onlarla yanaşı Azərbaycanın dövlət qurumları birgə nəzarət etsin. Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin. Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın. Yalnız bu yolla Ermənistandan Qarabağ ərazisinə silah daşınmasının, iş adamı adı ilə terrorçu və təxribatçıların toplanmasının qarşısını ala bilərik”.