BAYRAQDAR MEDİA – Dekabrın 12-dən başlayaraq ictimai fəalların Laçın yolu üzərində keçirdiyi və yetərincə uğurlu olan etiraz aksiyası bir sıra gerçəkləri üzə çıxardı. Bəlli oldu ki, Qarabağa məqsədli şəkildə yerləşdirilmiş Ruben Vardanyan adlı Rusiya və Ermənistan vətəndaşı Azərbaycan torpaqlarını talan etməkdə israrlıdır. O, bu əməllərini həyata keçirmək üçün dünyanın diqqətini əsas mahiyyətdən yayındırır, Azərbaycanın guya dinc ermənilərin həyat yolunu bağladığı görüntüsü yaradır. Əslində isə vəziyyət başqadır.
Nəzərə alaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata görə, Rusiya sülhməramlıları bölgəyə yalnız erməni silahlı dəstələrinin çıxarılmasıyla paralel yerləşməli idi. Amma elə ilk gündən bu öhdəliyə nə Rusiya, nə də Ermənistan əməl etmədi. Bu isə o deməkdir ki, üçtərəfli Bəyanat ilk gündən Rusiya və Ermənistan tərəfindən pozuldu.
Eyni zamanda Azərbaycan maksimum səy göstərməklə Xankəndindən Ermənistan sərhədinə qədər yeni yol çəkdi ki, erməni əhali rahat gedib-gələ bilsin. Amma bəlli oldu ki, ermənilər və onların havadarı olan ruslar bu yoldan belə Qarabağdakı Azərbaycan təbii sərvətlərini talamaq, eyni zamanda bölgəyə Ermənistandan silah-sursat gətirmək üçün istifadə edir. Yəni Azərbaycanın xoş məramından belə vicdansızcasına sui-istifadə olunur.
O da bəlli olur ki, Rusiya sülhməramlıları Ermənistandakı pozucu qüvvələrlə əlbir olub yerli erməni əhalinin Azərbaycana reinteqrasiyasını əngəlləyir. Bunun üçün hətta sərt tədbirlərə də əl atıldığı bildirilir. Belə anlaşılır ki, Rusiya sülhməramlıları bölgədə sülhün yaranmasında deyil, iki xalq arasında uçurumun dərinləşməsində maraqlıdır.
Nəticə də odur ki, rusların nəzarəti altındakı torpaqlarda 2021-ci ildə, yəni 44 günlük savaşdan sonra Ermənistanda istehsal edilmiş minalar basdırılır, yerli ermənilər zor-xoş silahlandırılaraq Azərbaycana – öz dövlətlərinə qarşı düşmən münasibətinə köklənir.
Bu durum varkən Azərbaycan nə etməlidir? Yaxud da dövlətimiz belə sui-istifadəyə dözümlü yanaşmalıdırmı?
Əsla!
Artıq o həddə çatmışıq ki, dövlətimiz duruma nəzarəti öz üzərinə götürməlidir. Belə bir sui-istifadə durumunda Azərbaycanın dövlət müstəqilliyi və suverenliyini təhlükə altına atmaq, ermənilərin və onların havadarlarının bizim torpağımızda – Qarabağda at oynatmasına dözmək olmaz!
Azərbaycan dövləti ən qısa müddət ərzində Laçın yolunun Ermənistanla sərhəd hissəsində müvafiq dövlət qurumlarının nəzarət-buraxılış məntəqələrini təşkil etməlidir. Ermənistan erməniləri bu və ya digər səbəbdən Qarabağa gəlmək istəyirsə, Azərbaycan sərhədini məhz Azərbaycan dövlətinin nəzarəti altında keçməlidir. Onların təhlükəsizliyi məsələsi ilə paralel şəkildə Rusiya sülhməramlıları da məşğul ola bilər.
İkinci və ən vacib məqam isə ondan ibarətdir ki, artıq Azərbaycan dövlətinin bütün qurumlarının yerli idarələri Xankəndi də daxil olmaqla o torpaqlarda fəaliyyətə başlamalıdır. Bu, həm də yerli erməni əhalinin reinteqrasiyasını sürətləndirməyə kömək edəcək.
Bundan başqa, vətəndaş cəmiyyəti və media təmsilçilərinin Xankəndi və digər yaşayış məntəqələrinə gediş-gəlişi təmin edilməlidir. İlk mərhələdə bu, polis və hərbçilərin müşayiəti ilə ola bilər. Amma bir müddət sonra ona də zərurət olan deyil.
Nəzərə almaq lazımdır ki, Azərbaycan bölgədə yaşayan erməni vətəndaşlarımızın humanitar ehtiyaclarını öz üzərinə götürməyə hazır olduğunu dəfələrlə bəyan edib. Yəni Xankəndi və civarındakı ermənilərin nə Ermənistanın, nə də Rusiyanın dilənçi payına ehtiyacı olmayacaq. Onlar da Azərbaycanın digər vətəndaşları kimi sakit və rahat həyat yaşayacaq, nəinki Qarabağ ərazisində, bütövlükdə ölkədə sərbəst gediş-gəlişə malik olacaq, istədikləri vaxt da xaricə çıxa biləcəklər. Bütün bunlar isə hər hansı əsgər və ya polisin nəzarəti altında baş verməyəcək.
Sonda vətəndaş cəmiyyəti fəallarının Laçın yolundakı aksiyasına bir daha qayıtmaq istərdik. Bu aksiya məcburiyyətdən keçirilir. Azərbaycan cəmiyyəti artıq iki ildən çoxdur ki, sözügedən üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsini gözləyir. Amma görünən odur ki, Rusiya sülhməramlıları bunda maraqlı deyil. Bu isə o deməkdir ki, onlara etimad bundan sonra da eyni qaydada davam edə bilməz. Yəni artıq bundan sonrakı mərhələdə Azərbaycan dövlətinin özü bütün nəzarəti əlinə almalıdır.