Press "Enter" to skip to content

Qardaş ölkədən aksiyaya daha bir dəstək

Zeynel Abidin Kiymaz

Son yeniləmə: 15 Dekabr 2022 16:09

Zeynel Abidin Kıymaz: GAP Gazeteciler Birliği olaraq Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Laçın yolu üzərində keçirdiyi aksiyanı dəstəkləyir və yanınızda olduğumuzu bəyan edirik

BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, Sovetlər Birliyi dağılandan sonra Ermənistan xarici ölkələrdən, xüsusilə də Fransadan aldığı hərtərəfli dəstəklə Azərbaycan torpaqlarını işğal etdi. 30 il dünya bu haqsızlığa göz yumdu. 30 il ərzində Azərbaycanın başını yalançı sülh danışıqları ilə qatmağa çalışdılar. Bunu görən Azərbaycan da öz qüdrətli ordusu ilə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad etdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin GAP Gazeteciler Birliğinin genel başqanı Zeynel Abidin Kıymaz deyib.

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən müsahibimiz qeyd edib ki, müharibənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya da üzərinə müəyyən öhdəliklər götürdü: “Bu öhdəliklərdən biri də o idi ki, Xankəndi və ətrafındakı ərazilərdə mövcud olan erməni terrorçuları, silahlılar zərərsizləşdiriləcək. Bunun üçün də müvəqqəti olaraq o ərazilərə yerləşdirilən Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Lakin təəssüflər olsun ki, Rusiya bu öhdəliyini yerinə yetirmədi. Ərazidəki Rusiya sülhməramlıları həmin bölgədə terrorçu erməni silahlı dəstələrini təmizləmək əvəzinə onlara dəstək verirlər. Təbii ki, bu da Azərbaycan dövlətinin və xalqının haqlı narazılığına səbəb olub”.

Qeyd edilib ki, hazırda Rusiya sülhməramlılarının nümayiş etdirdiyi mövqe heç bir qanuna, beynəlxalq hüquqa uyğun deyil: “Rusiya sülhməramlıları bu gün üzərlərinə götürdükləri vəzifələri tamamilə unudaraq ərazidə olan erməni terrorçularına, erməni bölücülərinə dəstək verir, Azərbaycanın ərazilərində mövcud olan yataqların ermənilər tərəfindən talan edilməsinə, orada ekoloji terrorun törədilməsinə nəinki mane olmur, hətta buna şərait yaradırlar. Eyni zamanda bildiyimiz qədəri ilə Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçilərinin həmin ərazidə monitorinq keçirməsinə mane olmaq üçün erməni terrorçuları ilə birlikdə müxtəlif təxribatlara baş vururlar. Bu baxımdan onların bu əməllərinə etiraz olaraq keçirilən aksiya tarixi bir aksiyadır”.

Zeynel Abidin Kıymaz vurğulayıb ki, nəinki Azərbaycan, eyni zamanda türk dünyası tarixində yer alacaq bu aksiya ilə QHT və media təmsilçiləri ümumilikdə Azərbaycan xalqının mövqeyini həm Rusiyaya, həm də bütün dünyaya nümayiş etdirdilər: “Dünya bir daha gördü ki, Azərbaycanda dövlət-xalq-ordu həmrəyliyi var. Azərbaycan xalqı lazım gələndə əli yalın belə dünyanın ən güclü ordularından birinin təpədən-dırnağa qədər silahlanmış əsgərlərinə dirəniş göstərməyə və öz torpaqlarını qorumaq üçün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti dəstəkləməyə hazırdır, buna qadirdir”.

“Bu günlərdə biz social şəbəkə hesabları, media vasitəsilə oradan olanları yaxından izləyirik. Sizlərin bu qorxmaz, mətin mübarizənizi alqışlayırıq. Bu mübarizə bizlərdə qürur hissi yaratdı. Əminik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi bu haqq davasında da qələbəyə nail olacaq. BAYRAQDAR MEDİA-nın yaratdığı bu imkandan istifadə edərək bildirirəm ki, GAP Gazeteciler Birliği olaraq Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Laçın yolu üzərində keçirdiyi aksiyanı dəstəkləyir və yanınızda olduğumuzu bəyan edirik”, – deyə müsahibimiz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.