Türkiyədə fəaliyyət göstərən QHT-lərdən Azərbaycana dəstək
BAYRAQDAR MEDİA – Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası davam edir. Eyni zamanda dünyanın bir çox yerindən bu aksiyaya dəstək bəyanatları, açıqlamalar verilir.
Növbəti belə dəstək isə qardaş Türkiyədən gəlib. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təşkilatçılığı ilə bir araya toplaşan qardaş ölkədəki qeyri-hökumət təşkilatları mətbuat üçün birgə bəyanatla çıxış ediblər.
Bununla bağlı keçirilən mətbuat konfransında həmin bəyanatı səsləndirən TADƏHF rəhbəri Prof. Aygün Attar, “Biz Azərbaycanın sevincinə sevindik və indi də Türkiyə QHT-lərinin nümayəndələri olaraq üç gündür Laçın dəhlizində demokratik şəkildə, vətəndaş təşəbbüsünün ən gözəl nümunəsini ortaya qoyan Azərbaycan QHT-ləri ilə həmrəyliyimizi bəyan etmək üçün buradayıq” deyib.
Bəyanatda həmçinin qeyd edilib ki, rus əsgərlərinin çar Rusiyasından və sovet imperializmindən fərqlənməyən təkəbbürlü davranışlarına və Kalaşnikov silahlarına qarşı sinələrini irəli verərək dirəniş göstərən can Azərbaycan QHT-lərinin yanındayıq: “Biz Rusiya səfirliyinə və BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara Azərbaycanın yanında olduğumuzu yazılı şəkildə bəyan edəcəyik”.
Mətbuat konfransında o da qeyd edilib ki, Ankaradakı müvafiq səfirlik və beynəlxalq təşkilatların təmsilçilikləri qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.
Mətbuat konfransında Prof. A.Attar ekologiya sahəsində fəaliyyət göstərən Qərb təşkilatlarına da müraciət edib, onları Azərbaycanın ekologiyasının Ermənistan tərəfindən məhv edilməsinə son qoymaq üçün hərəkətə keçməyə dəvət edib.