Son yeniləmə: 15 Dekabr 2022 14:25
Ölkədə daha bir növbədənkənar seçki qaçılmazdır
BAYRAQDAR MEDİA – Bolqarıstanda keçirilən son parlament seçkiləri də bu ölkədəki hökumət böhranına son qoymadı.
Məlumata əsasən, Prof.Nikolay Qabrovskinin təqdim etdiyi yeni Nazirlər Kabineti layihəsi parlamentdə etimad səsi ala bilməyib: “240 deputatdan ibarət parlamentdə 238 deputat səsvermə hüququndan istifadə edib. Onlardan da yalnız 113-ü sadə səs çoxluğu ilə vəzifəyə başlaması gözlənilən baş nazirliyə namizəd N.Qabrovskinin lehinə səs verib. 125 deputat isə onun əleyhinə səs verib”.
Bildirilib ki, N.Qabroviskinin namizədliyi parlamentdə 67 deputatla birinci partiya olan keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar Partiyası (GERB) tərəfindən irəli sürülüb. Lakin N.Qabroviski yetərincə dəstək toplata bilməyib.
Məlumata əsasən, parlamentdə təmsil olunan 7 siyasi partiyadan biri olan Haqq və Azadlıqlar Hərəkatı (HÖH) prof. Qabrovskinin kabinet layihəsini tam şəkildə dəstəkləyib. Üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan HÖH parlamentdə 36 yerə sahibdir.
Lakin digər partiyalar 2021-ci ilə qədər qısa fasilələrlə 12 il ölkəni idarə edən GERB Partiyasının namizədinin əleyhinə səs veriblər. Buna əsas kimi onlar bu partiyanın rəhbərliyinin ölkəni korrupsiya və ədalətsiz təcrübələrlə qarışdırdığını əsas göstəriblər.
Səsvermədən əvvəl söz alan N.Qabrovski deyib ki, parlament indi növbəti növbədənkənar seçkilərə doğru yol seçib.
Məlumat üçün bildirək ki, siyasi qeyri-sabitliyin hökm sürdüyü Bolqarıstanda son 2 ildə 5 dəfə seçki keçirilib. Qanuna görə, Bolqarıstanda prezident parlamentdə ən çox mandata malik partiyaya kabineti formalaşdırmaq tapşırığını verir. Bu partiya 7 günlük müddət ərzində uğursuz olarsa, bundan sonra hökumət qurmaq səlahiyyəti parlamentdə mandate sayına görə ikinci olan partiyaya verilir.
Əgər bu partiya da uğur qazana bilmirsə, o zaman prezident digər partiyalardan birinə səlahiyyət verir. Üçüncü cəhd də uğursuz alınırsa o zaman prezident parlamenti buraxır.
O da vurğulanır ki, bir müddət öncə ölkədə növbədənkənar seçkilərin qaçılmaz olduğuna işarə edən Prezident Rumen Radev bu seçkilərin qış dövründə yanvar və ya fevral aylarında keçirilməsini istəmədiyini bəyan etmişdi: “R.Radev parlamentdə Nazirlər Kabinetinin formalaşdırılması prosesini mümkün qədər uzadacağını və növbəti növbədənkənar seçkilərin mart ayında keçirilməsini təmin edəcəyini qeyd etmişdi”.