Press "Enter" to skip to content

Azərbaycan Türk Dövlətləri Təşkilatının önəmli üzvüdür

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

İ.Əliyev K.Ömüralıyevi TDT Baş katibi seçilməsi münasibətilə təbrik edib, işində uğurlar arzulayıb və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

TDT-nin fəaliyyətinə gəlincə, Prezident qurumun beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib. O, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib. İ.Əliyev bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilmiş IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı K.Ömüralıyevin TDT Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini də bildirib.

Xoş sözlərə görə Prezidentə minnətdarlığını bildirən qonaq TDT-ni quran dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib. O, Təşkilatın fəaliyyətinin güclənməsində Azərbaycanın fəal rolunu xüsusi vurğulayıb.

Baş katib vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Qələbə və ərazilərin işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. K.Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.