Dr. Yücel Karauz: Əgər sülhə xidmət etməyəcəklərsə, o zaman onlar üçün nəzərdə tutulmuş vaxtdan tez Azərbaycan ərazilərini tərk etməli olacaqlar
BAYRAQDAR MEDİA – “2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı Rusiyanın iştirakı ilə imzalanıb. Bu bəyanata əsasən Rusiya sülhməramlılarının da məsuliyyət və vəzifəsi bəllidir. Rusiya sülhməramlıları qarşılıqlı etimadın formalaşması, oradakı terrorçu ünsürlərin təmizlənməsi, ermənilərin təbiətə, təbii varlıqlara, ekologiyaya zərər vurmaması, Azərbaycan torpaqlarında terrorçuluq və talançılıq fəaliyyətləri göstərməməsi üçün məsuliyyət daşıyırlar. Lakin təəssüflər olsun ki, aradan keçən 25 ay ərzində Rusiya sülhməramlıları üzərlərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyiblər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Xatırladaq ki, dekabrın 12-də Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Qarabağa gələn yolda etiraz aksiyasına başlayıb. Fəallar müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpağında təbii sərvətlərin talanmasına etiraz edir.
Bu aksiyaya münasibət bildirən Dr. Y.Karauz deyib ki, Qarabağ Azərbaycan torpağıdır: “Lakin təəssüflər olsun ki, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpağında təbii sərvətlər ermənilər tərəfindən talanır. Azərbaycanın torpaqlarında erməni terrorçuları ekoloji terror törədirlər. Rusiya sülhməramlıları isə buna mane olmaq əvəzinə, ermənilərə dəstək göstərirlər. Necə deyərlər, erməni terrorçularını himayə edirlər. Bununla da Rusiya sülhməramlıları beynəlxalq hüququ da pozmuş olurlar”.
“Qarabağ Azərbaycan torpağıdır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Müvəqqəti olaraq Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlıları sülhə xidmət etməlidir. Əgər sülhə xidmət etməyəcəklərsə, o zaman onlar üçün nəzərdə tutulmuş vaxtdan tez Azərbaycan ərazilərini tərk etməli olacaqlar. Azərbaycanın özü öz torpaqlaırnda lazım olan addımı atmağa qadirdir”, – deyə müsahibimiz əlavə edib.
Dr. Y.Karauz bu aksiyanı dəstəklədiyini də bəyan edib: “Mən üç gündür hüquqi çərçivədə və mədəni formada davam edən, haqlı tələblərin səsləndirildiyi aksiyaya dəstəyimi ifadə edirəm. Mən bunu Azərbaycanın qəhrəman övladlarının 20 Yanvar 1990-cı il faciəsi zamanı sərgilədiyi dirənişə bərabər bir mübarizə kimi dəyərləndirirəm. 20 Yanvarda Azərbaycan xalqı azadlığı və müstəqilliyi üçün necə tankların qarşısında əliyalın, mərdliklə dayandısa, bu gün də Qarabağda eyni formada mübarizə sərgiləyir. Bu, Azərbaycan dövlətinin və xalqının bir daha birliyinin, həmrəyliyinin nümayişi, şanlı müqavimətdir və bu hadisə Azərbaycan tarixində özünəməxsus yer alacaq”.