BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev və Serbiyanın əmək, məşğulluq, veteran və sosial işlər naziri, həmin Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin videokonfrans formatında görüşü olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 14-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, S.Babayev həmkarı N.Selakoviçi yenidən Komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycanla Serbiyanın dövlət başçılarının səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Əlaqələrin daim genişlənməkdə olmasının göstəricisi kimi, bu ilin 10 ayında da ticarət dövriyyəsində 27,51 faiz artım olduğu bildirilib. Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrimizin yüksələn xətlə inkişafında əhəmiyyətindən bəhs olunub. Eləcə də ötən ay Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında imzalanmış sosial təminat haqqında Sazişin hər iki ölkənin vətəndaşlarının pensiya hüquqlarının təmin edilməsi baxımından önəmi vurğulanıb.
Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahəsində islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin avtomatlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib. Bu sahələrdə gələcək əməkdaşlıq perspektivlərindən bəhs olunub.
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər nəzərdən keçirilib. Enerji sahəsində əməkdaşlığın yeni layihələr əsasında genişləndirilməsinə, kənd təsərrüfatı, nəqliyyat, əmək və sosial müdafiə, mədəniyyət, İKT, turizm, təhsil, qarşılıqlı investisiyaların təşviqi və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Hökumətlərarası Komissiyanın Serbiyada keçiriləcək 7-ci iclasının gündəliyi ilə bağlı məsələlər də müzakirə olunub.