Press "Enter" to skip to content

Dini lideri “qaraüzlülər” öldürdü, Rusiya hədəf göstərildi

Vüqar Zifəroğlu

Son yeniləmə: 14 Dekabr 2022 21:25

BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqini dekabrın 9-da oğurlanaraq qətlə yetirilib. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei isə onun qətli ilə bağlı başsağlığı yayımlayıb.

Maraqlıdır ki, Azərbaycan mediasında bəluc lideri rusların öldürdüyü iddia edilib. Hər hansı məntiqi əsası olmayan bu cür iddia bölgəni və prosesləri yaxından izləyən ekspertləri təəccübləndirib. Bunu nəzərə alaraq Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu məsələyə aydınlıq gətirib.

Ekspert BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib ki, Azərbaycan mediasında meydana gələn bu çaşqınlıq sadəcə olaraq fars dilini yaxşı bilməyən şəxslərin informasiyanı tez-tələsik təqdim etməsindən qaynaqlanıb.

V.Zifəroğlu deyib ki, bəluc lideri öldürən şəxs(lər) barədə fars dilində açıqlamada “qatelan rusiyahənd” (قاتلان روسیاحند) söz birləşməsi yer alıb. Bu isə türkcəyə tərcümədə “qatillər üzüqaradır” kimi anlaşılmalıdır. Belə anlaşılır ki, fars dil bilgisi olmayan kimsə yanlış tərcümə edərək “Rusiya” (روسیا) sözünü aşkar edib, sensasiya xatirinə tirajlayıb və digər media qurumları da ilkin tərcüməni tirajlayıb.

Məsələnin mahiyyətinə gəlincə, ekspert bildirib ki, M.Ə.Riqini yalnız Sistan-Bəlucistan əyalətində deyil, ümumiyyətlə İran əhli-sünnə cameəsində böyük nüfuza malik din xadimi olub. Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır.

V.Zifəroğluna görə, burada iki əsas versiyanın hər ikisi mümkün hesab edilə bilər:

1. Qətli Tehran rejiminə bağlı qüvvələr həyata keçirib. Məqsəd sünni icmasını, xüsusilə də bəlucları lidersiz qoymaq, hərəkatı zəiflətmək, hətta hərəkatda önə çıxan digər liderlərin gözlərini qorxutmaq;

2. Qətli prosesin daha kəskin qarşıdurmaya keçməsində maraqlı olan xarici xüsusi xidmət orqanları həyata keçirib. Məqsəd qisasçılıq hissləri üzərində qarşıdurmanı daha da körükləmək, sünni icmasının mübarizəsini daha da stimullaşdırmaqdır.

Ekspert deyir ki, “səbəbindən asılı olmayaraq, M.Ə.Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər”.

Mission News Theme by Compete Themes.