Son yeniləmə: 14 Dekabr 2022 18:19
Məcid Cavadi: Çalışırıq ki, sizlərin bu haqq davası barədə dünyaya, o cümlədən Güney Azərbaycana məlumat yayaq
BAYRAQDAR MEDİA – “Prosesin ilk günündən biz Güney Azərbaycan türkləri olaraq Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Laçın yolu üzərində keçirdiyi aksiyanı dəstəkləyir, bu dəstəyimizi əməli işimizlə nümayiş etdiririk. Araz News saytında və Telegram kanalında, o cümlədən digər media orqanlarında aksiya ilə bağlı məlumat, açıqlama, foto və videopaylaşımlar yayırıq. Çalışırıq ki, sizlərin bu haqq davası barədə dünyaya, o cümlədən Güney Azərbaycana məlumat yayaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyasına münasibət bildirən M.Cavadi qeyd edib ki, Güney Azərbaycan bu məsələdə Quzey Azərbaycanın yanındadır: “Əslində yanındadır demək də bir qədər düz deyil. O mənada ki, Güneyli-Quzeyli biz birik. Mübarizəmiz də birdir. Mən bu aksiyanı tamamilə haqlı hesab edirəm. Çünki o yoldan Xankəndi və civarında olan erməni terrorçularına yardımlar edilir. Həmçinin Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarəti altında olan Azərbaycan ərazilərində təbii yataqlar qanunsuz olaraq talan edilir, oradan çıxarılan qızıl və digər qiymətli materiallar Ermənistana və xaricə göndərilir, ərazidə ekoloji terror törədilir. Azərbaycan vətəndaşları, vətəndaş cəmiyyəti və media təmsilçilərinin bu etirazları tamamilə qanuni və haqlıdır. Azərbaycan xalqı bununla dünyanın diqqətini həmin problemə yönəltdi. Eyni zamanda bu aksiya növbəti dəfə Azərbaycanda dövlət-xalq-ordu birliyinin olduğunu təsdiqlədi. Azərbaycan xalqı dövlətin və ordunun qazandığı tarixi zəfərin davamlı olması üçün sahəyə endi və təpədən dırnağa qədər silahlanmış Rusiya sülhməramlılarına etiraz etdi. Özü də silahsız, yalnız şüarlarla”.
“Bir daha bəyan edirik ki, Güney Azərbaycan türkləri bu aksiyanı dəstəkləyir. 44 günlük Vətən müharibəsində olduğu kimi bu məsələdə də Güney Azərbaycan Quzeyli bacı-qardaşlarının yanındadır. Biz də əlimizdən gəldiyi qədər bu aksiyaya dəstək veririk”.