BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, dekabrın 12-si səhərdən başlayaraq bir qrup ictimai fəalın Ermənistandan Xankəndinə gələn Laçın yolunu bağlaması davam edir.
Laçın yolunda aksiya da, etirazçılara dəstək də davam edir – FOTOLAR
Hadisə yerində olan BAYRAQDAR MEDİA-nın baş redaktor müavini Nadir Azəri xəbər verir ki, ümumilikdə vəziyyət sakit olsa da müəyyən maraqlı müşahidələr də var.
N.Azəri az öncə xəbər verib ki, bu saatlarda Azərbaycan torpağında müvəqqəti yerləşən Rusiya sülhməramlılarının sayı nisbətən artıb. Ruslar bölgəyə əlavə canlı qüvvə və ağır texnik cəlb ediblər. Onlar yolun üzərində canlı sədd çəkərək gediş-gəlişi tam qapadıblar.
Təmsilçimiz onu da əlavə edib ki, etiraz edən QHT təmsilçilərinə qoşulanların da sayı artır. Artıq bir sıra başqa vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin ayrı-ayrı sahələrin könüllüləri də etirazçıların sıralarındadır.
N.Azəri bildirir ki, buna baxmayaraq ümumi vəziyyət sabitdir. Hər hansı sərt qarşıdurma yoxdur. Əksinə, Azərbaycanlı fəallar vaxtı daha şən keçirmək üçün musiqi dinləyir, rəqs edir, canlı bağlantı ilə baş verənləri bütün dünyaya göstərir.
BAYRAQDAR MEDİA-nın təmsilçisi xəbər verir ki, qardaş Türkiyənin Anadolu Ajansı, TRT və Haber Global media qurumlarının jurnalistləri də hadisə yerindədir. Onlar müntəzəm olaraq xəbər yayırlar.
Bu arada o da bəlli olub ki, Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanı Qarabağ ermənilərini soyqırıma məruz qoymağa hazırlaşmaqda ittiham edib…