Press "Enter" to skip to content

Gülnarə Xəlilovanın milli geyimləri Bursada təqdim edilib

Mərkəzdə: Günay Əfəndiyeva və Gülnarə Xəlilova

BAYRAQDAR MEDİA – Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) təşkilatçılığı ilə keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi təşkil edilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya dekabrın 13-də BTMİF-dən veriblər.

Xəbərdə deyilir ki, tədbirdə “tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı milli geyim kolleksiyası nümayiş etdirilib”.

BTMİF-in prezidenti Günay Əfəndiyeva öz çıxışında “gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına Fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib”.

Gülnarə Xəlilovanın gözəl geyimlərini nümayiş etdirən gözəllərlə xatirə şəkli
Gülnarə Xəlilovanın gözəl geyimlərini nümayiş etdirən gözəllərlə xatirə şəkli

Bildirilir ki, “Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycanın, o cümlədən Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən G.Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb. Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi.
Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb”.

“Nümayişdən sonra çıxış edən G.Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib. Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə sevinc hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb. Nümayişdən sonra BTMİF tərəfindən G.Xəlilovaya xatirə hədiyyəsi və təşəkkür bəlgəsi təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.