Son yeniləmə: 13 Dekabr 2022 09:26
BAYRAQDAR MEDİA – Dekabrın 12-si səhərdən Ermənistandan Xankəndinə gələn Laçın yolunu bağlamış ictimai fəallar gecə boyu da aksiyanı davam etdiriblər.
Hadisə yerində olan BAYRAQDAR MEDİA-nın baş redaktor müavini Nadir Azərinin verdiyi xəbərə görə, fəallar gecə səhərə kimi oyaq qalaraq yolun açılmasına imkan verməyiblər.
N.Azəri bildirib ki, havanın soyuq olması da aksiyaçıları ruhdan salmayıb. Onlar bu durumda özlərini şux tutmaq üçün mahnılar oxuyub, şənləniblər. Hətta rus sülhməramlılarını da darıxmağa qoymayıblar. Etirazçılar isinmək üçün tonqallar da qalayıb.
Onu da qeyd edək ki, aksiya başlandığı andan Azərbaycanın hər tərəfindən minlərlə insan Şuşaya getmək, etirazçılara qoşulmaq istədiyini bildirib.
Səhər erkəndən bəlli olub ki, aksiya iştirakçılarına dəstək üçün yeni qruplar Şuşaya yollanıb.
Etirazçı fəallar bütün gecə boyu sosial mediada paylaşımlar edərək hadisə yerindən anbaan xəbər yayıblar. Sabah erkəndən də bu paylaşımlar davam edib.
Laçın yolundakı ictimai fəalların əhvalını görmək üçün orada olan Məhsəti Hüseynovanın az öncə paylaşdığı videonu əlavə edirik.