Press "Enter" to skip to content

Avropada rüşvət almazlarmış ki…

Azər Həsrət

Son yeniləmə: 10 Dekabr 2022 20:45

BAYRAQDAR MEDİA – Avropa Parlamenti sədrinin müavini həbs edilib. Özü də korrupsiya ittihamı ilə.

Təsəvvür edirsiniz?

Şəxsən mən təəccüblənmirəm. Çünki Avropanı da, oranın siyasilərini də az-çox bilən birisiyəm və onların rüşvət almağı, korrupsiya bataqlığında çabaladığı ilə bağlı deyilənlər mənim üçün adi bir şeydir. Bir çoxlarından fərqli olaraq Avropalıların bəzən korrupsiya məsələlərində çox irəli getdiyini yaxşı bilirəm…

İndi həbs edilən Avropa Parlamentinin Yunanıstandan seçilmiş deputatı, qurumun sədr müavini Eva Kailidir.

Eva Kaili
Eva Kaili

Ad tanış gəldimi?

Yəqin ki, bu işlərin içində olmayanlara tanış gəlmədi. Amma bizə, şəxsən mənə o qədər tanış gəldi ki…

Hardan?

Deyim də. 2020-ci ilin 44 günlük savaş günlərindən! Bəli, bu korrupsioner Avropa siyasətçisi, erməni dostu (!) Eva Kaili həm də Azərbaycanı hədəfə almasıyla yadımda qalıb mənim. Belə baxanda nisbətən gəncdir, amma erməni məsələsində erməni kimi birisidir. Özü də Atatürkün doğma şəhəri Selanikdə (bizim camaat o şəhərə ruslar kimi Fessaloniki deyir hələ də…) doğulub…

44 günlük savaş günlərində bu Eva öz Twitter hesabında yazırdı: “Mən Avropa Komissiyasına diplomatik pasportu olan Azərbaycanlıların vizalarını və AB Viza təminatı razılaşmasını ləğv etmək üçün müraciət eləmişəm. Səbəbsə Azərbaycan və Türkiyənin Dağlıq Qarabağ ermənilərinin insan hüquqlarını kobud şəkildə pozmasıdır”.

Eva bunları yunan dilində, 2020-ci il oktyabrın 19-da yazırdı. Yəni 44 günlük azadlıq savaşımızın ən qızğın günlərində…

SchengenVisaInfo.com saytı bu müraciətlə bağlı yazırdı ki, Eva bu əməlinə görə çox sayda erməni və yunandan təşəkkürlər qəbul edir…

Belə! Azərbaycan və Türkiyənin “Dağlıq Qarabağ ermənilərinin hüquqlarını kobud şəkildə pozduğunu” iddia edən bu qadın daha bir erməni uzantısı olan Avropa siyasətçisidir. Biz deyəndə ki, bunların dərdi insan haqları deyil, bəzi ağzıgöyçəklər üstümüzə şığıyırlar ki, nə danışırsan, Avropalılar ədalətli və obyektiv olur. Alın, bu da sizin üçün daha bir “ədalətli və obyektiv” Avropa siyasətçisi!

Bu arada onu da əlavə edək ki, Eva Kailinin təmsilçisi olduğu Panellen Sosialist Hərəkatı (PASOK) dərhal onu üzvlükdən xaric etməklə yaxasını kənara çəkməyə çalışıb…

Eyni zamanda Evanın üzvü olduğu Avropa Parlamentindəki Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı adlı siyasi qrup da onu üzvlükdən azad edib…

…Belçika Federal Prokurorluğu media üçün təsdiq edib ki, Avropa Parlamentinin üzvlərinin körfəz ölkələrindən bahalı hədiyyələr və böyük məbləğdə rüşvət alması ilə bağlı iki ildir araşdırma aparılıb (CNN). Artıq araşdırmalar nəticə verib və dörd nəfər saxlanılıb. Prokurorluq ad çəkməsə də onların arasında AP-nin deputatının da olduğunu gizlətməyib…

Prokurorluq onu da bildirib ki, rüşvət alan Avropa siyasiləri körfəz ölkələrindən birinin Avropada maraqlarının lobbiçiliyini ediblər…

Həbs edilənlər arasında yaşlı bir Avropa deputatının olduğunu da Prokurorluq elan edib…

CNN xəbər verir ki, həbslərlə bərabər axtarışlar da aparılıb. Nəticədə 600 min avro pul vəsaiti aşkar edilib. Eyni zamanda axtarışlar nəticəsində bilgisayar və telefon materialları da müsadirə edilib. Ümumilikdə 16 ayrı axtarış aparılıb…

Şərh etmək istəməzdim bu olayı. Çünki görünən dağa bələdçi nə gərək, deyilmi?

Sadəcə bir əlavəm var. Erməni “davasının” arxasına gizlənib üstümüzə gələnlərin hamısı hansısa mərhələdə məhz rüşvət, korrupsiyada ilişir nə sirdirsə…

Elə ABŞ senatoru, ermənilərin danışan dillərindən biri Bob Menendesin də bu yaxınlarda rüşvətdə adı hallanırdı. Bu isə başqa söhbətin mövzusudur və yəqin ki, məsələyə qayıtmalı olacağıq…

Dədəli, Xaçmaz

Mission News Theme by Compete Themes.