Son yeniləmə: 9 Dekabr 2022 14:01
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 9-da Agentlikdən məlumat verilib.
Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ölkələrimiz arasında sosial təminat sahəsi üzrə əlaqələrdən bəhs edib: “Agentlik tərəfindən aktiv məşğulluq proqramlarının genişləndirilməsi məqsədilə görülən işlərdən, məşğulluq sahəsində son illər innovativ həllərin geniş tətbiqi əsasında aparılan islahatlardan söz açıb. M.Abbasbəyli Agentliyin yeni konsepsiyasının məşğulluq imkanlarının vətəndaşlara əlçatanlığının təmin edilməsində mühüm yenilik olduğunu diqqətə çatdırıb. Məşğulluq və peşə imkanlarının qiymətləndiriliməsi istiqamətində Türkiyə ilə müvafiq sahədə təcrübə mübadiləsinə xüsusi önəm verildiyini qeyd edib”.
İŞKUR nümayəndələri rəqəmsal layihələrin hazırlanması, onların idarə edilməsi, karyera məsləhətçiləri ilə bağlı bir çox görüşlər keçirildiyini, Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.
Tədbir zamanı karyera məsləhətçilərinin ixtisaslaşdırılması, onların peşəkarlığının artırılması istiqamətində qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, İŞKUR Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi (Çalışma və Sosyal Güvenlik Bakanlığı) nəzdində fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi məşğulluğun təmin edilməsi, işsizliyin qarşısının alınması istiqamətində fəaliyyətlərə dəstək olmaq və işsizlik sığortası xidmətlərini həyata keçirməkdir.