Press "Enter" to skip to content

Güney Azərbaycanın gələcəyi ilə bağlı yol xəritəsi

Məcid Cavadi

Son yeniləmə: 9 Dekabr 2022 14:13

Məcid Cavadi: İndiki şəraitdə II Bütöv Azərbaycan Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “Bu Forumun birincisi 2019-cu ilin aprelində keçirilmişdir. Həmin Forumda Azərbaycanın çoxlu sayda ictimai-siyasi xadimləri, ziyalılar iştirak etmişdir. İkinci Forum isə bu il dekabrın 17-də keçiriləcək. Hesab edirəm ki, Güney Azərbaycanla bağlı proseslərin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçiriləcək II Bütöv Azərbaycan Forumu mühüm əhəmiyyət kəsb edir”.

Güneylə Quzey Bakıda bir araya gələcək

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

M.Cavadi bildirib ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır: “Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdır. Yayılan məlumata əsasən, Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər”.

“Yuxarıda da qeyd etdiyim kimi, indiki şəraitdə bu Forumun keçirilməsi əhəmiyyətlidir. Hətta deyərdim ki, həyati əhəmiyyət kəsb edir. Çünki bu gün Güney Azərbaycan məsələsi aktualdır. İranda artıq üç aydır ki, xalqların üsyanı və etirazları davam edir. İranın mövcud rejimi nə qədər çalışsa da bu prosesləri nəzarət altına ala bilmir. Vəziyyət o həddə çatıb ki, artıq İran rejimi etirazçıları edam etməyə başlayıb. Bütün bunlar isə İran rejiminin sonunun gəldiyinə işarə edir”, – deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, belə bir şəraitdə Güney Azərbaycanın baş verəcək hər hansı prosesə adekvat cavab vermək üçün hazırlıqlı olması vacibdir: “Yaxın aylarda İranda çox ciddi gəlişmələr ola bilər. Rejimin çökməsi ilə İrandakı bütün qeyri-fars millətlərin öz müqəddəratını müəyyən etməsi gündəmə gələcək. Bəlkə də bu yol tam müstəqilliyə qədər gedəcəkdir. Dolayısı ilə Güney Azərbaycan türklərinin də müqəddəratı burada proseslərin mərkəzində dayanır. Azərbaycan Respublikasının da bu mərhələdə Güney Azərbaycan türklərinin haqq davasına dəstək verməsi, onların hüquqlarının müdafiəsinə qalxması diqqət mərkəzindədir. Ona görə də Forumdakı müzakirələrin mərkəzində Azərbaycanın bütövləşməsinə doğru inamlı addımların atılması ola bilər. Burada səslənəcək fikir və təkliflər nəticəsində Güney Azərbaycanın gələcəyi ilə bağlı yol xəritəsi də ortaya qoyula bilər”.

Mission News Theme by Compete Themes.