BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kürdəxanı qəsəbə Mədəniyyət evi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı ilə birgə 113 nömrəli tam orta məktəbdə “Çırpınırdı Qara dəniz” adlı tədbir keçirib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi münasibətilə keçirilən tədbirdə öncə Əhməd Cavadın sözlərinə yazılmış Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş idarədən verilən məlumata əsasən, tədbir zamanı qeyd olunub ki, 2022-ci il aprelin 20-də Prezident İlham Əliyev “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb: “Sərəncamda Əhməd Cavad Azərbaycanın ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri, qəlbi ilə bağlı olduğu xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkar, azadlıq motivləri ilə zəngin yaradıcılığı, milli məfkurədən yoğrulmuş ideya adamı kimi təqdim olunur”.
Qeyd edilib ki, Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
Sonra şagirdlərin ifasında bir-birindən maraqlı səhnəciklər, musiqilər və şeir kompozisiyaları təqdim olunub.
Sonda məktəbin direktoru Gültəkin Rüstəmova çıxış edərək, tədbiri ərsəyə gətirən təşkilatçılara, gənclərə öz minnətdarlığını bildirib və xatirə şəkilləri çəkilib.