Son yeniləmə: 9 Dekabr 2022 11:40
Vüqar Bayramov: Təbii yataqlar yalnız Azərbaycan dövlətinin icazəsi ilə və Azərbaycan qanunvericiliyi çərçivəsində istismar edilə bilər
BAYRAQDAR MEDİA – “Ermənistan uzun müddət işğal altında olan Azərbaycan torpaqlarındakı bır sıra təbii yataqların istismarını həyata keçirib. Həmçinin, Kəlbəcərdə, Zəngilanda faydalı qazıntılarla zəngin yataqların istismar edilməsi və xarici ölkələrə daşınması həyata keçirilib”.
Bunu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deputat bildirib ki, məhz buna görə də Ağdərədə yerləşən qızıl yataqlarının istismarı həm də beynəlxalq prinsiplərə ziddir: “Bu, həm də Azərbaycan qanunvericiliyi baxımından yolverilməzdir. Çünki həmin yataqlar yalnız Azərbaycan dövlətinin icazəsi ilə və Azərbaycan qanunvericiliyi çərçivəsində istismar edilə bilər. Ermənilərin həmin yataqları da istismar etmək istəyi ondan xəbər verir ki, Ermənistan beynəlxalq hüquq prinsiplərinə məhəl qoymaq istəmir”.
V.Bayramovun sözlərinə görə, bu məsələdə Rusiya sülhməramlılarının da rolu və eyni zamanda prosesə müdaxiləsi vacibdir: “Çünki sülhməramlılar həm də qanunsuz əməllərin qarşısının alınmasına məsuldurlar. Azərbaycan tərəfinin mövqeyi, bu istiqamətdə aparılan danışıqlar ondan xəbər verir ki, praktik olaraq Azərbaycan sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki yataqların qanunsuz istismarına yol vermək niyyətində deyil. Bu istiqamətdə mümkün və beynəlxalq hüquq çərçivəsində, ölkənin ərazi bütövlüyü, suverenliyi prinsipi çərçivəsində addımlar atılacaq”.