Press "Enter" to skip to content

“Azercell Telekom” MMC inhisarçılıq fəaliyyətinə yol verib

Son yeniləmə: 9 Dekabr 2022 10:32

Dövlət Xidməti: .“Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 9-da Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinə daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb: “İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib.“Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib. Bununla yanaşı,“Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib”.

Məlumata əsasən, qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib.“Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Mission News Theme by Compete Themes.