Son yeniləmə: 8 Dekabr 2022 10:54
Hulusi Kılıç: Bizə qarşı düşmənlik etmək istəyənlər iki dəfə düşünməlidirlər
BAYRAQDAR MEDİA – “Mən təxminən bir ay öncə məhz BAYRAQDAR MEDİA-ya açıqlamamda bir daha İran tərəfinə yanlış addımlar atmamağı, türk xalqının səbrini sınağa çəkməməyi tövsiyə etmişdim. İran rəsmilərinə məsləhət görmüşdüm ki, türk dünyasını qarşılarına almasınlar. Çünki bu, onlara yaxşı heç nə vəd etmir. İstər İran, istər onun bu gün öz himayəsinə aldığı Ermənistan, istərsə də bütün dünya iki il öncə – 44 günlük müharibədə türkün gücünü gördü. Ona görə çalışıb bizimlə dost olsunlar. Bizimlə düşmənlik edərsə, İran çox şey itirər. Lakin təəssüflər olsun ki, İranı idarə edənlər ağla deyil, zora üstünlük vermək istədilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, İran rəsmiləri unutdular ki, Azərbaycana qarşı hər hansı addım Türkiyəyə qarşı atılan addım kimi dəyərləndiriləcək və ona görə cavab addımı atılacaq: “Bu həqiqətin növbəti dəfə təsdiqlənməsi üçün isə heç də çox gözləmək lazım olmadı. Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, bu həftə “Qardaş yumruğu” adlı birgə təlim keçirildi. Qeyd edim ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən bu təlim birbaşa İranın hərəkətlərinə cavab idi. Çünki “Qardaş yumruğu” təlimi Bakı şəhəri ilə yanaşı İranla sərhəd Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edirdi”.
Bildirilib ki, müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi ilə keçirilən təlim Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü idi: “Mən bu təlimlər fonunda cənab Prezident İlham Əliyevin noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı söylədiyi, “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” fikrini xatırlatmaq istəyirəm. Yəni “Qardaş yumruğu” həm də cənab Prezident İlham Əliyevin yuxarıda bəhs etdiyimiz fikrinin təsdiqi idi”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin “Qardaş yumruğu” təlimini poliqonda birlikdə izləmələri, hər iki dövlətin başçısının zəng edərək təlimdə iştirak edən hərbçiləri təbrik etmələri də dünyanın diqqət mərkəzində oldu: “Bütün bunlar isə heç də təsadüfi deyil. Çünki “Qardaş yumruğu” dünyaya iki mühüm mesaj vermiş oldu. Birincisi, dünya bir daha bizim qardaşlığımızın nə qədər möhkəm olduğunu gördü. İkincisi isə odur ki, bizə qarşı düşmənlik etmək istəyənlər iki dəfə düşünməlidirlər”.