Press "Enter" to skip to content

Fransa sülhə töhfə vermək fürsətini birmənalı olaraq itirib

Nigar Arpadarai

AZƏRTAC Fransa Milli Assambleyasının qəbul etdiyi absurd, anti-Azərbaycan qətnamə mövzusuna keçməmişdən əvvəl bəzi tarixi faktlara nəzər salaq. Qeyd edə bilərik ki, İkinci Dünya müharibəsinin yekunu olaraq ölkəsinin kapitulyasiya sənədini imzalayan alman generallarından biri mərasimdə Fransa hökumətinin təmsilçilərini görəndə təəccüblənərək soruşur: “Biz fransızlara da uduzmuşuq?!” Bəli, 1945-ci ilin sonu üçün dövlətçiliyi olmayan Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri kimi BMT-yə qatıldı. Bu da ona görə baş tutdu ki, Stalin və Ruzvelt Almaniyanı gələcəkdəki ambisiyalarından saxlamaq istədi. Fransa da bu məsələdə Avropada siyasi balansı qorumaq üçün bir vasitə olacaqdı. Məhz bu səbəbdən Fransanı süni olaraq “canlandırdılar”. Bu ölkə də BMT Təhlükəsizlik Şurasına üzv olsa da, dövlətin iqtisadi, siyasi və hərbi nüfuzu bu ranqa uyğun gəlmirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

“Hazırda elə bir vəziyyətlə üzləşirik ki, Fransa real imkanlarına uyğun olmayan xarici siyasət aparır. Bu ölkənin ambisiyaları onun real çəkisi ilə üst-üstə düşmür, məhz bu səbəbdən də öz xarici siyasətində ciddi səhvlər buraxır. Belə ki, Fransa müəyyən şərait yaratmaq üçün bütün Azərbaycanı öz əleyhinə çevirdi.

İkinci məsələ isə Fransa Milli Assambleyasının məlum qətnaməyə demək olar yekdilliklə səs verməsidir. Bu onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Fransa və Ermənistan siyasi elitası arasında razılıq var. Bunun səbəbi isə anti-Azərbaycan mövqeyi ilə Ermənistanı dəstəkləməklə yanaşı, Türkiyənin əleyhinə çıxış etməkdir”, – deyə deputat bildirib.

N.Arpadarai qeyd edib ki, Azərbaycan Fransanın siyasi elitası ilə münasibətlərə yenidən baxmalıdır. İqtisadi, siyasi və beyin mərkəzləri ilə münasibətlərdə, həmçinin Fransanın eyni mövqe sərgilədiyi ölkələrlə tərəfdaşlıqda planlı, sistemli hərəkət edilməlidir.

Deputat vurğulayıb ki, bu absurd və qərəzli qətnamələr beynəlxalq hüquqa ciddi hörmətsizlikdir. Müəyyən konyunktura üçün bütün Azərbaycanı öz əleyhinə çevirərək Fransa nə özünə, nə də Ermənistana kömək etmir. Əksinə, bu ölkə regionda sülhün bərqərar olmasını istəmədiyini göstərir.

Bir şey tamamilə aydındır ki, Fransa Güney Qafqazda sülhə töhfə vermək və vasitəçi olmaq fürsətini birmənalı olaraq itirib.

Mission News Theme by Compete Themes.