Son yeniləmə: 8 Dekabr 2022 16:07
BAYRAQDAR MEDİA – “Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti haqlı olaraq ictimaiyyətdə narazılıq doğurur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Türküstan Media Qrupu”nun baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, ötən iki ildə rus sülhməramlıları ən müxtəlif mövzularda gündəmə gəliblər: “Bunlardan ən başlıcası, Ermənistan silahlı qüvvələri bölmələrinin, həmçinin, qanunsuz erməni silahlı dəstələrinin hələ də Qarabağ ərazisindən çıxarılmamasıdır. Üçtərəfli bəyanata əsasən, erməni silahlı birləşmələri bölgəni rus sülhməramlılarının bölgəyə daxil olması ilə paralel olaraq tərk etməliydi. Bu prosesin icrasının cavabdehi də məhz Rusiyadır. Amma, təəssüf ki, bu öhdəliyə nə əməl olunub, nə də Ermənistana bu öhdəliyi xatırladılır”.
A.Camal deyib ki, sülhməramlıların digər qanunsuz fəaliyyəti bölgədə öz missiyalarından kənar inzibati, iqtisadi, mədəni, humanitar fəaliyyətlə məşğul olmalarıdır: “Beynəlxalq praktikada sülhməramlı anlayışı bitərəf, sülhyaratma fəaliyyəti kimi qəbul edilir. Rusiya sülhməramlıları isə Qarabağda özlərini tərəf hesab edir və tərəf kimi aparırlar. Bu baxımdan, Azərbaycan ictimaiyyətində Rusiya hərbçilərinin 5 ilin tamamında bölgədən çıxarılmasının zəruriliyi haqda səsləndirilən tələblər başadüşüləndir”.
Qeyd olunub ki, bölgədə sülh yaratmaq istəyən missiya, arada düşmənliyin dərinləşdirilməsinə yox, əksinə, toplumlar arasında sülh, barışıq yaradılmasına çalışmalıdır: “Məsələn, Rusiya Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına ciddi dəstəyini, töhfəsini verə bilər. Bu yöndə müxtəlif fəaliyyətlər həyata keçirə bilər. Rusiyanın bölgə üçün, sülh üçün edə biləcəyi də məhz bu fəaliyyətdir. Ancaq biz bunun əksini görürük. Rusiya öz hərbçiləri vasitəsilə sanki Qarabağdakı ermənilərin ətrafında dəmirdən çəpər çəkir ki, Azərbaycanla təmaslar mümkün olmasın. Amma Azərbaycanın öz ərazilərində hüququn bütün gücü ilə işləməsinin təmin edilməsinin alternativi yoxdur, bu qaçılmazdır”.