Son yeniləmə: 7 Dekabr 2022 18:00
BAYRAQDAR MEDİA – Bolqarıstan prezidenti Rumen Radev hökuməti qurmaq mandatı keçmiş baş nazir Boyko Borisovun partiyası olan GERB-ə verib.
Məlumata əsasən, R.Radev ölkədə təkrar seçkilər və etirazlarla sarsılan siyasi böhrandan çıxmaq ümidi ilə 7 gün ərzində Bolqarıstanın Avropa İnkişafı Naminə Vətəndaşlar (GERB) partiyasına hökuməti qurmaq tapşırığını verib.
Oktyabrın 22-dən etibarən parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüşən R.Radev bildirib ki, onun məqsədi aqressiv ritorikanı bir kənara qoyub, partiyaları yeni hökumətlə razılaşdırmaq və çətin bir dövrdə ölkədə yenidən seçkilərin keçirilməsinə mane olmaqdır.
O da bildirilib ki, 240 üzvlü parlamentdə 67 yerə sahib olan və hökuməti qurmaq üçün parlament çoxluğuna sahib olmayan GERB 51 yaşlı neyrocərrah Prof. Dr. Nikolay Qabrovskinin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Azlıq hökuməti variantını da istisna etməyən GERB partiyasının namizədi N.Qabrovski siyasi qütbləşmədən uzaq, peşəkar yanaşmaya malik hökumət təklif edəcəyini bildirib.
Əgər GERB hökuməti qura bilməsə, daha iki partiya hökumət qurmağa cəhd etməlidir. Seçkilərdə GERB-dən sonra ikinci ən güclü partiya kimi çıxış edən Dəyişiklik Davam edir (PP) və R.Radevin seçəcəyi üçüncü partiya da uğursuzluğa düçar olarsa, prezident iki ay ərzində növbədənkənar seçkilərin tarixini təyin etməli olacaq.