İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatı
BAYRAQDAR MEDİA – “2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında qeyd olunub.
İqtisadiyyat Nazirliyindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, görüş Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı olub.
“Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilmişdir.
“Görüş konstruktiv ruhda keçmişdir. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə birgə məlumatda daha sonra bildirilib.