Son yeniləmə: 7 Dekabr 2022 08:41
BAYRAQDAR MEDİA – Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Batman vilayətində bir sıra görüşlər keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, Batman Valiliyinində vali müavini İbrahim Günəşlə keçirilmiş nəzakət görüşündə Batman vilayəti ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib. Görüşdə həmçinin, mövcud imkanlar və potensial barədə fikir mübadiləsi aparılıb: “Digər görüş Batmanda yerləşən, Türk Hərbi Hava Qüvvələrinin ilk və tək pilotsuz təyyarə hava bazası olan 14-cü Pilotsuz Təyyarə Sistemləri Baza Komandanlığında olub. Briqada generalı İhsan Kaplanla keçirilmiş nəzakət görüşündə Azərbaycan və Türkiyənin qardaşlığı və ikitərəfli əlaqələrimizdə hərbi sahənin xüsusi yeri olduğu vurğulanıb”.
Məlumata əsasən, səfirin Batman Universitetində rektor İdris Dəmirlə görüşündə isə universitetlərarası əlaqələrin perspektivləri ələ alınıb: “Görüş zamanı rektor enerji sahəsində ixtisaslaşmağa doğru gedən Batman universitetinin bu sahədə zəngin təcrübəsi olan Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib”.
Qeyd olunub ki, səfir universitetdə təşkil olunan “Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu” adlı konfransda da iştirak edib: “Konfransda çıxış edən Azərbaycan səfiri tələbələrə ikitərəfli münasibətlərin inkişaf dövrləri, Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonrakı dövrdə mürəkkəb zaman dilimində hakimiyyətə gələn Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına zəngin töhfəsi barədə məlumat verib. Diplomat həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edib. Universitet tələbələrinin mövzu ilə bağlı ilə suallarını cavablandıran səfir daha sonra universitetdə ölkəmizi tərənnüm edən kitabların, lövhələrin və suvenirlərin yer aldığı Azərbaycan otağının açılışınında iştirak edib”.
Batman vilayətinə səfərin gedişində səfir R.Məmmədov bu ilin iyun ayında vilayətdə açılmış, adını Azərbaycanın dilbər guşəsi Qarabağdan alan Qarabağ parkını da ziyarət edib: “Səfir parkdakı pavilyonlar və Qarabağdan olan tarixi şəxsiyyətlər haqda məlumatları əks etdirən xatirə lövhələri ilə tanış olub. Qeyd edilib ki, təbiəti, qardaşlığı və sənəti bir araya gətirən bu park Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biridir”.