BAYRAQDAR MEDİA – Dekabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Mereditin rəhbərliyi altında nümayəndə heyətini qəbul edib.
Xəbəri BAYRAQDAR MEDİA-ya XİN-dən veriblər.
Görüşdə Azərbaycan və Avropa Birliyi (AB) arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığın durumu, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov AB ilə əsas əməkdaşlıq istiqamətlərindən biri – enerji təhlükəsizliyi sahəsindən bəhs edib və bu yöndə tərəflər arasında 18 iyul 2022-ci ildə Anlaşma Memorandumunun imzalanmasına toxunub. O, bu Memorandumun AB-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb: “Nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətimizin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğu bildirilib. İnvestisiyaların təşviqinə əhəmiyyət verən ölkələrdən biri kimi Azərbaycanın xüsusilə “nou-hau” fəaliyyətində sərmayə qoyuluşunu təşviq etdiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yatırımların edilməsi ilə bağlı AB-nin maraq göstərməsi məmnunluqla qeyd olunub”.
“Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın görülən işlərə hədə törədən təxribatları, habelə mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğu diqqətə çatdırılıb”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “L.Meredit 18 iyul 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və AB arasında münasibətlərin inkişafında görülən işlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Orta Dəhlizin həyata keçirilməsində irəli sürdüyü təşəbbüs və göstərdiyi fəallığın Azərbaycanı nəqliyyat və tranzit sahəsində mühüm tərəfdaşlardan birinə çevirdiyi qeyd olunub. L.Meredit, həmçinin bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmayə qoyuluşunun AB üçün prioritet olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın sözügedən sahələrdə yenilik və innovasiyaları dəstəkləyən baxışının təqdirəlayiq olduğu bildirilib. L.Meredit ciddi hədə törədən mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib”.
Tərəflər qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında da fikir mübadiləsi aparıb.