Press "Enter" to skip to content

Mətbuat Şurasından Rusiya sülhməramlılarına sərt qınaq

Mətbuat Şurası

Son yeniləmə: 8 Dekabr 2022 08:47

BAYRAQDAR MEDİA – Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının dekabrın 7-də yerli jurnalistlərə əngəl törətməsi cəmiyyətdə ciddi narazılığa səbəb olub.

Məsələyə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də sərt reaksiya verib. O, özünün sosial media hesabında yazıb: “Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb. Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda? Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm”.

Məsələylə bağlı BAYRAQDAR MEDİA-ya da danışan A.Həsrət deyib ki, jurnalistlərin Xankəndi, Xocalı və digər ərazilərə rahat gedib-gəlməsi həm də ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesini sürətləndirə bilər: “Görünür, ruslar da bunu bilirlər və məhz ona görə – inteqrasiyanı əngəlləmək üçün Azərbaycan jurnalistlərinin Qarabağda sərbəst hərəkətinə maneə törədirlər. Hər kəsə bəllidir ki, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını məhz ruslar istəmir”.

Mission News Theme by Compete Themes.