Press "Enter" to skip to content

Konstitusiya dəyişikliyi ilə bağlı təklif reallığı əks etdirmir

Hasan Öztürk

Son yeniləmə: 7 Dekabr 2022 11:32

Hasan Öztürk: “Altılı masa”dakıların 84 maddəlik konstitusiya dəyişikliyini necə həyata keçirəcəkləri ilə bağlı qeyri-müəyyənlik var

BAYRAQDAR MEDİA – “Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı təklifin reallığa çevriləcəyi inadırıcı görünmür. Çünki bu təkliflə çıxış edən “altılı masa”da cəm olanların 84 maddəlik konstitusiya dəyişikliyini necə həyata keçirəcəkləri ilə bağlı hələ də qeyri-müəyyənlik var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

Məlumat üçün bildirək ki, “altılı masa” fevral ayından bu yana komissiyalarının apardığı iş nəticəsində 84 maddədən ibarət konstitusiya dəyişikliyi təklifi hazırlayıb və ictimaiyyətə təqdim edib.

Ortaya çıxan çoxsaylı suallara aydınlıq gətirməlidirlər

Lakin H.Öztürkün də dediyi kimi, bu təklifin reallaşması üçün öncə “altılı masa”dakılar bəzi məsələləri həll etməli, ortaya çıxan çoxsaylı suallara aydınlıq gətirməlidirlər: “Əvvəla, “altılı masa”dakıların 84 maddəlik konstitusiya dəyişikliyini necə həyata keçirəcəkləri ilə bağlı hələ də qeyri-müəyyənlik var. Çünki konstitusiyaya dəyişiklik etmək üçün ilk növbədə parlamentdə ən azı 360 mandata sahib olmaq, həmçinin Cümhurbaşqanlığını qazanmaq lazımdır”.

Belə bir mənzərə isə ağla keçmişdəki koalisiya münaqişələrini gətirir

Müsahibimiz deyib ki, hətta bu halda belə təklifin reallaşacağı inandırıcı deyil: “Tutaq ki, seçkidə qalib gəldilər, yəni Cümhurbaşqanlığnı qazandılar və parlamentdə 360 mandata sahib oldular. Bu zaman belə “altılı masa” daxilində hər hansı konsensusun əldə ediləcəyi gözlənilmir. Səbəb isə aydındır. Məsələ burasındadır ki, onlar cümhurbaşqanlığı idarəetmə modelindən parlament sisteminə keçəcəklərinə söz verirlər. Eyni zamanda, seçilmiş Cümhurbaşqanını sadəcə Koordinasiya Başqanlığı altında partiya liderlərinin iştirak etdiyi komissiyada qəbul ediləcək qərarları icra edən sıravi bir işçi kimi görmək istəyirlər. Həmçinin altı liderin administrasiyada birbaşa qərar qəbul edən şəxs olmasını istəyirlər. Bu isə ortaya yeni problemlər çıxaracaq”

H.Öztürk deyib ki, Koordinasiya Başqanlığı deyilən struktur konstitusiyaya zidd bir qurum olaraq ortaya çıxacaq: “Belə bir mənzərə isə ağla Türkiyənin keçmişindəki koalisiyalarını və koalisiya münaqişələrini gətirir. Nümunə olaraq qeyd edək ki, bu millət Türkiyədəki koalisiya liderləri arasındakı anlaşılmazlıq bir yana qalsın, Cümhurbaşqanı ilə Baş nazir arasındakı fikir ayrılığının nəyə səbəb olduğunu unutmayıb. Məsələn, Cümhurbaşqanı Ahmet Necdet Sezer 2001-ci il böhranına qədər davam edən prosesdə Baş nazir Bülent Ecevitin qarşısına bir konstitusiya kitabçasını qoymuş və ona səlahiyyətlərini xatırlatmışdı. Həmin görüşdən sonra B.Ecevit kameralar qarşısına keçərək ölkədə dövlət böhranı olduğunu demək məcburiyyətində qalmışdı. Sonrası da bildiyiniz kimi, Türkiyə, yarandığı gündən bəri ən böyük iqtisadi böhranı yaşadı. İndi “altılı masa” Türkiyəni məhz həmin parlament sistemi və koalisiyalı dövrə qaytarmaq istəyir”.

Bu təklif ictimai rəydə heç bir şəkildə qəbul edilmədi

Qeyd olunub ki, bu dəyişikliklər həm də özündə “altılı masa”nın HDP-yə mesajlarını da ehtiva edir: “Konstitusiya dəyişikliyi təklifinin məzmununa nəzər saldıqda “altılı masa”da olmayan HDP-yə mesajların verildiyini görürük. Məsələn, bir partiyanın bağlanmasının çətinləşməsindən danışırlar, dəyişiklikdə yeni qəyyum təyinatının aradan qaldırılacağını və ya bu təyinatın çox çətinləşdiriləcəyini deyirlər”.

H.Öztürk onu da vurğulayıb ki, “altılı masa”nın 84 maddəlik konstitusiya dəyişikliyi təklifi Türkiyə ictimai rəyində heç bir şəkildə qəbul edilmədi, müzakirə olunmadı, həyəcan oyatmadı: “Bu da səbəbsiz deyil. Türkiyə ictimai fikri “altılı masa”nın daxilində baş verənləri yaxından izləyir və bu birliyin seçkilərə qədər qalacağı müəyyən qədər inandırıcı görünmür. Heç uzağa getməyək, bir neçə gün öncə Kemal Kılıçdaroğlu cumhurbaşkanlığına namizədliyini gündəmə gətirmək üçün video paylaşdı. Bundan dərhal sonra “altılı masa”nın digər üzvü Meral Akşener bir televiziya kanalına çıxaraq K.Kılıçdaroğlunun namizədliyini əngəlləmək üçün həmlələr etdi. Bütün bu tablo bir faktı ortaya qoyur ki, “altılı masa”nın bu vəziyyətdə cümhurbaşqanlığına vahid namizədi müəyyənləşdirimək şansı yoxdur. Belə bir tablo “altılı masa”nın birlikdə hərəkət etmə gücünü hər keçən gün daha da azaldır. “Altılı masa”da olan fikir ayrılıqları isə “Cumhur İttifakı”nın işinə yarayır. Son 2-3 aydır ki, sorğular zamanı “Cumhur İttiqakı”nın, AK Partinın və Recep Tayyip Erdoğanın səsləri artır”.

Meral Akşenerin Abdullah Gülü dəstəkləməsi mümkündür

Mission News Theme by Compete Themes.