Press "Enter" to skip to content

Türkiyəli yazardan seçkilərlə bağlı təklif

Zeynel Abidin Kiymaz

Son yeniləmə: 6 Dekabr 2022 15:52

Zeynel Abidin Kıymaz: Bələdiyyə seçkiləri də 2023-cü ildə keçirilsin

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, 2023-cü ildə qardaş Türkiyənin siyasi həyatında mühüm hadisə baş verəcək. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümdə həm cümhurbaşqanlığı, həm də parlament seçkiləri keçiriləcək. İqtidar və müxalifət bu seçkilərə ciddi şəkildə hazırlaşır.

Bu arada isə seçkilərlə bağlı maraqlı təklif səsləndirilib. Türkiyənin GAP Gazeteciler Birliğinin genel başqanı Zeynel Abidin Kıymaz 2024-cü ildə keçirilməli olan bələdiyyə seçkilərinin də 2023-cü ildə keçirilməsi təklifi ilə çıxış edib.

Sözügedən təkliflə bağlı BAYRAQDAR MEDİA-ya açıqlama verən Zeynel Abidin Kıymaz bunun heç də təsadüfən səsləndirilmədiyini bildirib.

“Hesab edirəm ki, parlamentdə bununla bağlı qərar qəbul edilməli, 2023-cü ildə cümhurbaşqanlığı və parlament seçkiləri ilə eyni gündə bələdiyyə seçkiləri də keçirilməlidir. Çünki bu, ölkənin gələcək inkişafı, o cümlədən dünyada və regionda gedən proseslər baxımından çox vacibdir”, – deyə, o qeyd edib.

Zeynel Abidin Kıymaz deyib ki, hazırda Suriyada gərgin vəziyyət var: “Rusiya-Ukrayna müharibəsi davam edir. Ege və Akdenizdə problemlər var. Belə bir vaxtda Türkiyənin 1,5-2 il ərzində ancaq daxili siyasətə fokuslanması düzgün olmazdı. Təbii ki, parlament seçkilərindən sonra formalaşacaq yeni hökumət bəzi məsələlərlə bağlı çevik qərarlar qəbul etmək istəyəcək. Lakin diqqətin bir sonrakı il keçirilməli olan yerli seçkilərə yönəlməsi bəzi məsələlərdə gecikmələrə səbəb ola bilər. Yəni parlament seçkilərindən bir il keçmədən yerli seçkilərə gedilməsi yenicə etimad səsi alan hökumətin diqqətini yayındıracaq. Bu səbəbdən iqtidar və müxalifət bir araya gələrək 2023-cü il seçkiləri ilə 2024-cü il bələdiyyə seçkilərini birləşdirəcək, yəni bu seçkilərin eyni gündə keçirilməsini təmin edəcək bir qanun qəbul etməlidir”.

Mission News Theme by Compete Themes.