Son yeniləmə: 6 Dekabr 2022 14:37
Emin Həsənli: Ötən əsrin 70-ci illərinin köhnə texnikası ilə guya bizə “güc nümayiş etdirən” İran rejimi həm hansı “hərbi qüdrətə” malik olduğunu ortaya qoydu, həm də bu hədsiz davranışına görə qısa bir zamanda cavab aldı
BAYRAQDAR MEDİA – “Azərbaycanla qardaş Türkiyə uzun müddətdir birlikdə hərbi təlimlər keçirir. Şuşa bəyannaməsinin imzalanmasından sonra bu istiqamətdə addımlar daha da intensivləşib. Artıq iki qardaş ölkə indi həm də ən yaxın müttəfiqlər kimi birgə addımlar atır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu gün hər kəs bilir ki, Azərbaycana qarşı atılmış hər hansı addım Türkiyəyə qarşı addım kimi dəyərləndirilir: “Eyni zamanda Türkiyəyə qarşı edilən hansısa hərəkət Azərbaycana qarşı edilmiş hərəkət kimi dəyərləndirilir və ona adekvat cavab verilir. Cənab Prezident İlham Əliyevin noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı söylədiyi kimi, “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”. Yəni bu gün keçirilən “Qardaş yumruğu” birgə təlimi iki qardaş ölkənin, o cümlədən regionun təhlükəsizliyinin təmini baxımından önəmlidir”.
Bu təlimlərin Bakı şəhəri ilə yanaşı İranla sərhəd ərazilərdə də keçirildiyinə diqqətə çəkən E.Həsənli bildirib ki, bunu Tehran rejiminin bir müddət əvvəl Arazın o tayında keçirdiyi təlimlərə tutarlı cavab kimi dəyərləndirmək olar: “Bəlli olduğu kimi, Vətən müharibəsindən sonra mövcud reallığı qəbul etməkdə güclük çəkən İranın molla rejimi Azərbaycana qarşı silsilə bəyanatlar səsləndirib. Bununla da ürəyi soyumayan rejim Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək guya bizə göz dağı vermək istədi. Amma bu hədsiz addım İranın özünü gülünc vəziyyətə qoydu. Ötən əsrin 70-ci illərinin köhnə texnikası ilə guya bizə “güc nümayiş etdirən” İran rejimi həm hansı “hərbi qüdrətə” malik olduğunu ortaya qoydu, həm də bu hədsiz davranışına görə qısa bir zamanda cavab aldı. İranın köhnə, sınıq-salxaq texnikaya malik ordusunun təlimlərinə Türkiyə və Azərbaycanın ən müasir hərbi texnika ilə təchiz edilmiş müasir ordularının birgə təlimi ilə cavab verildi. Başqa bir tərəfdən İran təlimlər zamanı guya Araz çayını keçdiyi haqda təsəvvür yaratmağa çalışırdı. Əslində isə köhnə silah-sursatlı İran hərbçiləri çayın İranın ərazisindən keçən hansısa qolu yaxınlığında toplaşmışdılar. Bu addıma da cavab çox gecikmədi. Türkiyə ilə Azərbaycan hərbi təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması tapşırığını yerinə yetirməklə İrana dərs verdi”.