Press "Enter" to skip to content

Türk dünyasının mədəniyyət paytaxtı ilə bağlı Sərəncam

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Dekabrın 6-da Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamda qeyd edilir ki, bu il martın 31-də qardaş Türkiyənin Bursa şəhərində “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir”.

Daha sonra bildirilir ki, “memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir”.

Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Nazirlər Kabinetinə tapşırır ki, “1. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin”, və “2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Mission News Theme by Compete Themes.