Son yeniləmə: 6 Dekabr 2022 15:06
BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 6-da Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər “Qardaş yumruğu” təlimini izləmək üçün təlim poliqonuna gəliblər: “Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər”.
Qeyd edilib ki, general-polkovnik Z.Həsənov və cənab H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər: “Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib. Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib”.