Son yeniləmə: 6 Dekabr 2022 12:22
Dr. Yücel Karauz : Bu, həm Ermənistana, həm də İran və Fransa başda olmaqla sülh prosesisini pozmaq üçün burnunu bu coğrafyaya soxan hər kəsə ciddi mesajdır
BAYRAQDAR MEDİA – “Təbii ki, hərbi təlimlər həm hərbi, həm də siyasi baxımdan önəmlidir. Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Qardaş yumruğu” birgə təlimi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Bunu qardaş Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu təlim çoxcəhətli olmasına görə də fərqlənir: “Bəlli olduğu kimi, birgə təlim Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilir. Bu təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər”.
“Qeyd etdiyim kimi, bu, çox önəmlidir. Dolayısı ilə bu cür hərbi təlimlər sahədə iki ordunun tək ordu halına gəlməsini də təmin edir. Bu, həm Ermənistana, həm də İran və Fransa başda olmaqla sülh prosesisini pozmaq üçün burnunu bu coğrafyaya soxan hər kəsə də ciddi mesajdır”, – deyə türkiyəli general əlavə edib.