Son yeniləmə: 6 Dekabr 2022 13:50
BAYRAQDAR MEDİA – Azərbaycanda məşğulluq imkanlarının artırılmasında önəmli rola malik “İşsizin dostu” ödənişli ictimai işlər proqramında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyindəki DOST İş Mərkəzinin icra etdiyi proqram üzrə hazırda 51 mindən çox şəxs işləyir: “Onlardan 7,2 mini müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxslərdir. Proqram iştirakçılarının 90 faizə yaxını ölkəmizin regionlarında yaşayanlardır. Ödənişli ictimai işlər proqramı ilkin peşə hazırlığı, ixtisası olmayan, buna görə də iş tapmaqda çətinlik çəkən işçi qüvvəsini işsizlikdən qoruyur, ümumən məşğulluq imkanlarını artırır”.
Qeyd edilib ki, proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanır: “Bu da həmin şəxslərə gələcək əmək və sosial təminat, pensiya hüquqlarının yaranması üçün sosial sığorta sistemində iştirak imkanı verir”.