BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 6-da qonşu Dağıstanın rəhbəri Sergey Məlikovu qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İ.Əliyev Azərbaycanın Dağıstanla da uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. O, bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib: “Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğuladı, eyni zamanda, bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd etdi”.
Prezident İ.Əliyev Azərbaycan və Dağıstan xalqları arasında tarixi əlaqələri vurğulayıb, müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb: “Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi”.
“Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd etdi. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
“Dövlətimizin başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim etdi”, – deyə xəbərdə bildirilir.
Bundan sonra xatirə şəkli çəkdirilib. Ardından da İ.Əlityevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
Xəbərdə qeyd edilir ki, “Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq”.