BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 5-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, heyətə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.
Hulusi Akar Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb, İ.Əliyev də buna görə minnətdarlıq edərək onun da salamlarını R.T.Erdoğana çatdırmağı xahiş edib.
“Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirildi, əlaqələrimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulandı. Bu baxımdan, hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edildi. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirildi”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Azərbaycana səfərinin Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar, Ulu Öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğuladı”.
“Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq qeyd edildi və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulandı.
“Hulusi Akarın ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
“Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.” Xəbərdə belə deyilir.