Press "Enter" to skip to content

Rusiya kanallarını deyil, GünAz TV-ni yaymaq lazımdır

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 5-də Azərbaycan Mətbuat Şurasında GünAz TV-nin qurucusu Əhməd Obalı ilə görüş keçirilib. Toplantıda MŞ İdarə Heyətinin üzvləri, ölkənin aparıcı media qurumlarının rəhbərləri və təmsilçiləri iştirak edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya MŞ-dan veriblər.

MŞ sədri Rəşad Məcid giriş sözündə bildirib ki, “İranda davam edən etiraz dalğası fonunda orada yaşayan soydaşlarımızın hüquq və azadlıqları məsələsi müstəsna önəm daşımaqdadır. Prezident İlham Əliyevin onların ana dilində təhsil almalarının zəruriliyini qabartması həm Azərbaycan cəmiyyətində, həm də Güneyli soydaşlarımız arasında böyük nikbinlik yaradıb”.

MŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum “GünAz TV-nin qurucusu Əhməd Obalı ilə media təmsilçilərinin görüşünü təşkil etməklə, Azərbaycan vətəndaşlarını düşündürən məsələlər barədə mediamızın müfəssəl məlumatlara sahib olması ehtiyacını əsas tutub”. O, çıxışında Ə.Obalının “Xudafərin körpüsündə olduğunu, işğaldan azad edilmiş bölgələrimizə səfər gerçəkləşdirdiyini, təəssüratlarını media ilə bölüşməsinin əhəmiyyətini də vurğulayıb”.

“İranda aylardan bəri davam edən etiraz dalğasına münasibət bildirən Ə.Obalı bu proseslərin Güney Azərbaycanın fars rejimindən qurtulması, milli haqlarına qovuşması baxımından vacibliyindən söz açıb, bunu tarixi fürsət kimi dəyərləndirib. O, eyni zamanda, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının mövcud istiqamətdəki rolundan danışıb. Bu mənada Prezident İlham Əliyevin son aylarda üç dəfə Arazın o tayındakı soydaşlarımızın hüquqlarını önə çəkən fikirlərinin böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb, qətiyyətli və prinsipial mövqeyinə görə dövlət başçısına təşəkkürünü ifadə edib.” Xəbərdə belə deyilir.

Əhməd Obalı fikirlərini paylaşarkən
Əhməd Obalı fikirlərini paylaşarkən

Daha sonra qeyd edilir ki, “Ə.Obalı çıxışında, həmçinin, işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Həmin ərazilərdə Azərbaycan, ümumilikdə türk mirasına qarşı erməni vandalizminin törədildiyini, torpaqlarımızın talan edilməsində İranın da yaxından iştirak etdiyini bildirib”.

Xəbərdə daha sonra deyilir ki, “görüşdə İranda son üç ayda baş verən hadisələr, orada yaşayan soydaşlarımızın proseslərdə iştirakı, habelə, İslam Respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, Azərbaycan mediasının diqqət etməli olduğu məqamlara nəzər salınıb. R.Məcid bildirib ki, Azərbaycan mediası da dövlət başçısının qaldırdığı məsələlərə həssas yanaşma tərzi ortaya qoyur, mövzuya yaradıcılıq çalarları gətirməklə onu zənginləşdirir. Bu isə ictimai missiya daşıyan jurnalistikanın müstəsna töhfəsidir. Bu baxımdan MŞ İdarə Heyətinin üzvlərindən Qulu Məhərrəmlinin, Azər Həsrətin, Akif Aşırlının fikirləri də maraq doğurub. Onlar Ə.Obalının qurucusu olduğu GünAz TV-nin Azərbaycandakı yayımının yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirib, telekanalın kabel yayımının həyata keçirilməsinin vacibliyini əsaslandırıblar”.

“Görüşdə, eyni zamanda, İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətinin mövcud sahədəki direktivlərinə əsaslandığı önə çəkilib. Belə xoşagəlməz meyllərin son aylarda daha da artmasının Azərbaycan Respublikasının apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb”, – deyə xəbərdə qeyd edilir.

Sonda o da bildirilir ki, “toplantıda İranın İslam dininin düşməni olan işğalçı Ermənistanla yaxınlığı üzərində də dayanılıb. Tehranın artan informasiya diversiyaları şəraitində Azərbaycan mediasının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ə.Obalı jurnalistlərin müxtəlif mövzulardakı suallarını cavablandırıb”.

Görüş sonrası xatirə şəkli
Görüş sonrası xatirə şəkli

Əlavə edək ki, görüşdə iştirak edən MŞ İH üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət təklif edib ki, Azərbaycan Respublikasında GünAz TV-nin yerüstü yayımının təşkili üçün addımlar atılsın. O, eyni zamanda deyib ki, kabel yayımçıları mütləq GünAz.TV-ni öz paketlərinə əlavə etməlidir. A.Həsrət bildirib ki, “bütün kabel yayımçıları Rusiyanın anti-Azərbaycan təbliğatı aparan kanallarını evlərimizə gətirdiyi halda GünAz TV-nin kənarda qalması yolverilməzdir”.

Mission News Theme by Compete Themes.