Press "Enter" to skip to content

Növbəti suvarma mövsümünə hazırlıq

Son yeniləmə: 5 Dekabr 2022 14:14

BAYRAQDAR MEDİA – Neftçalada növbəti suvarma mövsümünə hazırlıq görülür.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O qeyd edib ki, Neftçala Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarıla bilən 38 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir: “İdarə tərəfindən 2022-ci ildə əkilən 21 min 500 taxıl sahəsi 2,6 dəfə, 8 min 790 hektar pambıq sahəsi 3,7 dəfə, 6 min 72 hektar yonca sahəsi 9,1 dəfə, digər əkinlər – bostan- tərəvəz, hǝyǝtyanı, qarğıdalı və bağ sahələri orta hesabla 9,3 dəfə suvarılıb və suvarma uğurla yekunlaşıb. Bundan başqa, idarənin balansında olan 1 min 369 ədəd hidrotexniki qurğudan 26 ədədində cari təmir işləri aparılıb. Su itkilərinin qarşısını almaq məqsədilə idarənin balansında əsaslı təmirə ehtiyacı olan latok sisteminin 900 metrlik hissəsində hazırda yeni nov sistemi çəkilməkdədir”.

D.Şərifov deyib ki, cari ilin 10 ayında idarənin balansında olan 1 min 26 kilometr kanaldan, 314 kilometrində lildən təmizləmə işləri aparılıb: “Növbəti ilin məhsulu üçün 21000 hektar taxıl, 6 min 500 hektar pambıq, 8 min 400 hektar yem vǝ 2 min 258 hektar digər bitkilərin suvarılması planlaşdırılır. Bu sahələrin suvarma suyu ilə təminatı üçün suvarma kanallarının lildən təmizlənməsi sürətlə aparılır. Görülən meliorativ tədbirlər nəticəsində hər il əkin aparılan sahələrdən bol məhsul əldə edilir.

Suvarma mövsümü yekunlaşsa da, Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü ilin məhsulu üçün əkilən 5 min 160 hektar taxıl sahəsinin 1 min 180 hektarında, 740 hektar yem sahəsinin 660 hektarında artıq suvarılma aparılıb”.

Mission News Theme by Compete Themes.