Son yeniləmə: 5 Dekabr 2022 16:35
Vüqar İskəndərov: Qardaşların dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər
BAYRAQDAR MEDİA – “Tarixin bütün dövrlərində ağır sınaqlardan keçmiş Türkiyə-Azərbaycan qardaşlığı bu gün dünyaya nümanədir. Xalqlarımızın birliyindən və dövlət başçılarının qətiyyətindən güc alan bu qardaşlıq özünü bütün sahələrdə, o cümlədən hər hansı hərbi təhdidlərə birgə cavab vermək sahəsində də göstərir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
İranın Azərbaycana qarşı son hədsiz davranışları, o cümlədən Arazın o tayında keçirilən təlimləri xatırladan deputat bunun molla rejimi üçün bumeranq effekti verdiyini bildirib: “Məlum olduğu kimi, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Mən bu təlimlərin üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki bu təlimlər son vaxtlar İranın molla rejiminin Azərbaycana qarşı hədsiz davranışlarına bir cavab kimi də dəyərləndirilə bilər. Yəni hesab edirəm ki, bu təlimlər iki ölkənin qardaşlığının növbəti dəfə nümayişi ilə yanaşı bizimlə təhdid dilində danışmağa çalışan dövlətlərə açıq mesajdır. Bu məqamda cənab Prezident İlham Əliyevin noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı söylədiyi, “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” fikrini bir daha xatırlatmaq yerinə düşər”.
Deputat sonda Azərbaycan və Türkiyəyə düşmən gözü ilə baxan ölkələrə, o cümlədən İran rejiminə xəbərdarlıq da ünvalayıb: “Yuxarıda da vurğulandığı kimi, Azərbaycan-Türkiyə qardaşlığı tarixin ən ağır sınaqlarından çıxıb. Bu iki dövlət xoş gündə də, dar gündə də bir-birinin yanında olub. Eyni zamanda bu gün də həmin siyasət qətiyyətlə davam etdirilir. Dostlarımıza xoş davranış sərgilədiyimiz kimi, düşmənlərimizə də layiq olduqları formada zərbə vurmağı bacarırıq. Bu baxımdan hər kəs, o cümlədən İran dövləti və bu dövləti idarə edən molla rejimi bundan yaxşıca dərs götürməlidir. Bu gün Azərbaycana hansısa təhdid mesajları ünvanlayan molla rejimi unutmasın ki, qardaşların dəmir yumruğu istənilən düşmənin başına endirilə bilər”.