Press "Enter" to skip to content

“Günəş göy üzünə qayıtmasa”

Təqdimat mərasimindən

Yazıçı-jurnalist Mahir Rəsuloğlunun ilk kitabı işıq üzü görüb

BAYRAQDAR MEDİA – Dekabrın 4-də “İki sahil” qəzetinin əməkdaşı, yazıçı-jurnalist Mahir Rəsuloğlunun “Günəş göy üzünə qayıtmasa” adlı hekayələr kitabının təqdimat mərasimi olub.

“Misra Book Cafe”də keçirilən, tanınmış yazıçıların və jurnalistlərin də iştirak etdiyi tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Tahir Taisoğlu açıb.

T.Taisoğlu müəllifin yaradıcılığı və onun əsərlərinin ana xəttini təşkil edən hadisələr, obrazlar barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, kitaba daxil edilən kişik hekayələrin hər biri sanki böyük dünyanı özündə ehtiva edir: “Ümumiyyətlə, M.Rəsuloğlunun bu kiçik hekayələrində, qələmə aldığı kiçik həcmli mətnlərdə böyük fikirlər, böyük duyğular ifadə etmək bacarığı müəllifin hekayələrini maraqlı, həm də düşündürücü edir. Sanki hər hekayənin içində gizli bir başqa hekayə də var”.

Mərasimdə çıxış edən ədəbiyyatşünas alim, professor Cavanşir Yusifli bildirib ki, M.Rəsuloğlunun hekayələri Azərbaycan nəşrinin ənənələrindən və gələcəyin çağırışlarından doğan mətinlərdir: “O, ancaq spesifik hesab etdiyini, yəni içindən gələn enerjinin hesabına hekayələr yazır. Bu hekayələr özü-özünü oxudur və orada indiki dövr nəsli üçün maraqlı olan çox önəmli obrazlar var”.

Tədbirdə daha sonra Azərbaycan Tibb Universitetinin müəllimi, filoloq Svetlana Sultanova, tanınmış alim Rafik Məmmədov, yazıçı İlham Əziz, müəllifin iş yoldaşları çıxış ediblər. Çıxışçılar “Günəş göy üzünə qayıtmasa” kitabındakı hekayələr və Mahir Rəsuloğlunun yaradıcılığı haqqında danışaraq onu təbrik edib, uğurlar arzulayıblar.

İştirakçılara və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən M.Rəsuloğlu hekayələrinin oxuyanlarda müəyyən təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Məlumat üçün bildirək ki, “Günəş göy üzünə qayıtmasa” kitabında müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik və müharibə haqqında hekayələr yer alıb. “Qanun” nəşriyyatında nəfis tərtibatla nəşr edilən kitabın redaktoru yazıçı Şərif Ağayar, korrektoru Nüşabə Səməndər, üz qabığındakı rəsmin müəllifi isə tanınmış rəssam Soltan Soltanlıdır.

Mission News Theme by Compete Themes.