Oral Büyüksarı: “Kahveyi Kavururlar” xalq mahnısı müxtəlif dillərə tərcümə edilib və ona klip çəkilib
BAYRAQDAR MEDİA – “5 dekabr – Dünya Türk Qəhvəsi Günü üçün Eskişehirdə xüsusi hazırlıq görülüb. Bu günlə bağlı müxtəlif tədbirlər keçiriləcək. Həmçinin bizim təşəbbüsümüzlə “Kahveyi Kavururlar” türk xalq mahnısı müxtəlif dillərə tərcümə edilib və ona klip çəkilib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehirin tanınmış ziyalılarından biri və iş adamı Oral Büyüksarı bildirib.
Qəhvənin xüsusi bişirmə texnikası ilə türklərə xas olduğunu xaricdəkilərə öyrədən O.Büyüksarı, “Qırmızı dənizdən gətirdiyim qumun üzərindəki türk qəhvəsi sayəsində ən ləzzətli təqdimatı türklərin etdiyini deyirəm və türk qəhvə mədəniyyətimizi bütün dünyaya təqdim edirəm” deyib.
Dubay səfəri zamanı yunan qəhvəsi və lokum reklamı görərək Türkiyədə qəhvəxana açmağa qərar verən O.Büyüksarı, hazırda “Tarixi Odunpazarı Evləri” adlanan ərazidə qum üzərində bişirilən türk qəhvəsi ənənəsini müxtəlif ölkələrə tanıtdırır.
Osmanlı ordusunun türk qəhvəsinin stimullaşdırıcı xüsusiyyətindən yararlanaraq Afrika qitəsindəki səhraları keçə bildiyini vurğulayan O.Büyüksarı, türk adətlərində qəhvənin hazırlanmasına da əhəmiyyət verildiyini vurğulayıb: “Məsələn, qəhvə, qovrulmuş noxud, lokum və Osmanlı şərbətindən ibarət konsept hazırlanaraq, həvəskarlara təqdim olunur. Hazırda həm Türkiyədə, həm də dünyanın müxtəlif yerlərində açdığımız iş yerlərində türk qəhvəsi mədəniyyətini yaymağa çalışırıq. Qumda türk qəhvəsi ənənəsinin Osmanlıdan gəldiyini və dünyanın ən ləzzətli qəhvələrinin türklərin əlindən çıxa biləcəyini bacardığım qədər dünyaya sübut etməyə çalışıram”.
“Biz təkcə qəhvə bişirməklə işimizi bitmiş hesab etmirik. Eyni zamanda başqa vasitələrdən də istifadə edib, türk qəhvəsini dünyada tanıdırıq. Məsələn, bu il Dünya Türk Qəhvəsi Gününə özəl olaraq “Kahveyi Kavururlar” türk xalq mahnısını 9 dildə danışan, 20 dildə oxuyan tanınmış sənətçi Leonida Timuşun ifasında müxtəlif dillərdə səsləndirdik və ona klip çəkdik”, – deyə o, sonda əlavə edib.