Son yeniləmə: 8 Dekabr 2022 08:39
BAYRAQDAR MEDİA – Jurnalist Qadınlar Assosiasiyası Yevlaxda müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə görüş keçirib. Görüşdə iştirakçılara onların hüquqları haqqında danışılıb, problemləri ilə bağlı müzakirə aparılıb.
Xəbəri dekabrın 4-də BAYRAQDAR MEDİA-ya JQA-dan veriblər.
Xəbərdə deyilir ki, görüş qurumun “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsi çərçivəsində keçirilib. O da bildirilir ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı icra edilir.
“Tədbirin moderatoru və layihənin eksperti İnqilab Şirinli görüşün təşkilinin məqsədindən danışıb. O, bir sıra qanunların xülasəsini görüş iştirakçılarının diqqətinə çatdırıb. Sonra çıxış edən JQA rəhbəri Sevil Yusifova ölkəmizdə həssas qruplara aid kateqoriyadan olan vətəndaşlarımızın problemlərinin həll edilməsi yönündə atılan əməli addımları sadalayıb. Sevil xanım Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə edilən dəyişikliklərdən söhbət açıb. Bu dəyişikliklərin müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O təəssüf hissi ilə deyib ki, insanlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar barədə, dövlətin apardığı işlər haqda az məlumatlıdır. Ona görə də vətəndaşlarımızın maarifləndirilməsi sahəsində görülən işlər davamlı olmalıdır. S.Yusifova vətəndaş cəmiyyətinin bu sahədəki boşluqları öz fəaliyyətləri ilə doldurmasını vacib sayıb”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “tədbirdə iştirak edən Yevlax şəhər icra hakimiyyətinin şöbə müdiri Xaliq Əliyev görüş iştirakçılarına iki ildə regionda görülən işlər və təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Yevlax şəhər icra hakimiyyəti hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev də ona yönələn müraciətlərin həllinə nail olduqlarını bildirib”.
İştirakçılardan qazi mayor Bəhram Hüseynov son iki ildə Respublikada sosial qrupların rifah halının yaxşılaşdırılması yönündə gözlə görülən müsbət dəyişiklər olduğunu deyib. O, eyni zamanda bəzi məmurların vəzifə səlahiyyətlərini tam dərk etməməsini də qeyd edib: “Qazi Naxçıvan Muxtar Respublikasında qazi və veteranlara göstərilən diqqət və qayğını xatırladıb və ritorik sualla zala müraciət edib. O, söyləyib ki, necə olur, ölkənin bir regionunda həssas qrupların – müharibə əlillərinin, veteranların, şəhid ailələrinin heç bir problemi açıq qalmır, hamısı həllini tapır, amma digər regionlarda qazilər, veteranlar, müharibə əlilləri üzləşdiyi maneələri aradan qaldıra bilmirlər? Bəzi yerlərdə hətta müharibə iştirakçıları arasında fərq qoyulur. İcra hakimiyyətlərində bəzi müharibə iştirakçılarını ev qeydiyyatına alırlar, bəzilərinin müraciətlərinə, “ev qeydiyyatı yoxdur” deyə cavab verirlər. Əkin üçün torpaq sahəsi ayrılması ilə əlaqədar edilən müraciətlərə də həmçinin eyni aqibətdə cavab verilir. Naxçıvanda qazi, şəhid ailələrinə olan qayğı yaxşı olar ki, digər regionlarda tətbiq edilsin”.
Müzakirələrdə Mərdan Kərimov, Duman Qəmbərov, Emin Baxşəliyev və başqaları üzləşdikləri problemləri dilə gətirib.
“Tədbirdə iştirak edən hüquqşünaslar və icra hakimiyyətinin işçiləri qazilərin şikayətlərini dinlədilər və problemlərin həlli yollarını izah etdilər, onların suallarını cavablandırdılar. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Sonda belə qərara gəlindi ki, təşkilatçılar müharibə iştirakçılarına “El” TV-də efir vaxtı alsın və sosial qrupların maarifləndirilməsi sahəsində müzakirələr təşkil edilsin. Canlı efirdə hüquqşünaslar onlara yönələn sualları cavablandırsınlar”, – deyə xəbərdə qeyd edilir.
Sonda İ.Şirinli bəyan edib ki, görüşlərdə bəzi qanunlardakı boşluqlar barədə faydalı təkliflər edilib. Təkliflər JQA-nın işçi qrupu tərəfindən sistemləşdirilib Milli Məclisə göndəriləcək.